Özgür Özelin boykot qərarının Türkiyə iqtisadiyyatına təsiri

Tarix: 22:22 01.04.2025
CHP sədri Özgür Özel aksiyaları yayımlamayan media qurumları və onlara bağlı şirkətlərə qarşı boykot başladacaqlarını bildirib.
Özel həftəsonu çıxışlarında CHP-nin mitinqlərini və xəbərlərini işıqlandırmayan media qurumlarını hədəf alıb.
"Bizdən pul qazananları, bizdən reytinq alıb saraya xidmət edənləri bir-bir elan edəcəyəm", - deyə o bildirib.
Özelin boykot siyahısında bir çox yerli markalar yer alır.
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, bu qərarın Türkiyə iqtisadiyyatına ciddi təsiri olmayacaq:
"CHP-nin media qurumlarını və bəzi markaları hədəf almasının ciddi təsiri gözlənilmir. CHP-nin nəzərdə tutduğu media qurumları Türkiyə iqtisadiyyatına təsir edəcək gücə malik deyil. Türkiyə iqtisadiyyatına bu qərarlardan daha çox keçirilən mitinqlər təsir edir. CHP-nin hazırda atdığı addımlar qeyri-sabitlik yaradır və bu, başda türk lirəsinə mənfi təsir göstərir. Ancaq qeyd olunan boykot məsələsinin Türkiyə iqtisadiyyatına ciddi təsiri olmayacaq".
Fatimə Şahverdiyeva