Allergiyaya qarşı necə mübarizə aparmalıyıq?

Tarix: 23:10 01.04.2025
Yaz fəsli təbiətin canlandığı və havaların isindiyi mövsümdür. Lakin bu mövsümdə immun sistemi zəif və həssas olan insanlarda allergiyanın artdığı dövrdür. İnsanlar belə zamanlarda allergiyaya qarşı nə etməlidir?
Mövzu ilə bağlı dermotoloq Tünzalə Əzizli "informator.az"a açıqlamasında bildirib ki, belə hallarda əsas şərtlərdən biri həkim məsləhəti ilə mütləq şəkildə müalicə alınmalı və allergiyanın xronikləşməsinin qarşısı alınmalıdır.
" İnsanlarda allergiya əsasən qidaya, bitki tozcuqlarına, polenlərə qarşı olduğu üçün yaz fəslində allergiya daha da artır. Çünki, yazda bitkilərin canlanması, torpağın canlanması, tozlanma və bu kimi proseslər sürətləndiyi üçün allergiyaların da artımı başlayır. Allergiya ilə mübarizə aparmaq üçün birinci şərt həmin allergindən uzaq durmaqdır. Əgər hansısa qidaya qarşı allergiya varsa, onu qida rasionundan kəskin şəkildə çıxarmaq lazımdır. Ev tozuna, bitkiyə, heyvan tükünə qarşıdırsa, yenə qeyd etdiyim kimi ondan uzaq durmalıyıq, özümüzü qorumalıyıq. Əsas şərtlərdən biri də allergiyaya qarşı həkim tövsiyyəsi ilə müalicə almaq lazımdır. Bununla da allergiyanın xronikləşdirilməsinin qarşısını almış oluruq".
Səmayə Səftərova