Suriya Xarici İşlər Nazirliyi qatil İsraili qınayıb

Tarix: 20:54 03.04.2025
Suriya Xarici İşlər Nazirliyi qatil İsraili qınayıb. Nazirlikdən verilən yazılı açıqlamada İsrailin qısa müddətdə Suriyada 5 fərqli nöqtəyə hava hücumu təşkil etdiyi və bunun Həma hava limanının demək olar ki, tamamilə dağılmasına, onlarla mülki və hərbçinin yaralanmasına səbəb olduğu bildirilib. Bəyanatda İsrailin Suriya ərazisinə etdiyi hücumlar "qətiyyətlə" pislənilib və BMT-dən Təl-Əviv administrasiyasının pozuntularının təkrarlanmaması üçün təcili tədbirlər görməsi istənilib.
İsrail təyyarələri dünən axşam saatlarında Həma hava limanı və ətraf məntəqələrə 14-dən çox hava hücumu həyata keçirib, həm də Homs əyalətindəki T4 Hərbi Hava Limanına və paytaxt Dəməşqdəki hərbi infrastruktura hava zərbələri, Dera vilayətinin qərbində isə minaatan və artilleriya hücumları təşkil edib.
Dekabrın 8-də İsrail ordusu 1967-ci ildən işğal etdiyi Qolan təpələrinə bitişik bufer zonasını işğal edib. İsrail əsgərləri işğalı bufer zonadan kənara çıxararaq paytaxt Dəməşqin 20 kilometrliyinə çatıb. 1974-cü ildə iki ölkə arasında imzalanan Qüvvələrin Ayrılması Müqaviləsi ilə Qolan Təpələrində bufer zona və silahsızlaşdırılmış zonanın sərhədləri müəyyən olunub. İsrailin baş naziri Benyamin Netanyahu Suriyanın cənubundakı işğalın daimi olacağı mesajını verib və Suriyanın suverenliyinə zidd olan cənub bölgəsinin tərksilah edilməsini tələb edib.
TRT Xəbər
Asiman Vəliyeva