Çin, ABŞ-nin “qarşılıqlı tarif” artımına qarşı tədbirlər görəcək

Bölmə: Dünya › ,
Tarix: 21:23 03.04.2025

 

Çin, ABŞ-nin “qarşılıqlı tariflər” çərçivəsində elan etdiyi yeni gömrük rüsumlarına qarşı tədbirlər görəcəyini bildirib.

 

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Tsyakun Pekində keçirilən mətbuat konfransında ABŞ Prezidenti Donald Trampın bütün ticarət tərəfdaşlarına qarşı “qarşılıqlı tariflər” çərçivəsində elan etdiyi tarif artımları ilə bağlı açıqlama verib.

 

Tarif və ticarət müharibəsinin qalibi olmayacağını bildirən sözçü Quo, Çinin qanuni maraqlarını qorumaq üçün qəti tədbirlər görəcəyini vurğulayıb.

 

Quo, ABŞ-nin “qarşılıqlılıq” bəhanəsi ilə Çindən və digər ölkələrdən idxal olunan məhsullara əlavə tariflər tətbiq etməklə Dünya Ticarət Təşkilatının qaydalarını pozduğunu və qaydalara əsaslanan çoxtərəfli ticarət sisteminə zərər verdiyini qeyd edib.

 

Çinli sözçü ABŞ-ni səhvini düzəltməyə və Çin də daxil olmaqla digər ölkələrlə ticarət mübahisələrini bərabərlik, qarşılıqlı hörmət və faydaya əsaslanan dialoq yolu ilə həll etməyə çağırıb.

 

Çin Ticarət Nazirliyinin Trampın tarif açıqlamasından sonra yayımladığı bəyanatda ABŞ-nin “qarşılıqlı tarif” adlandırdığı tətbiqin subyektiv və birtərəfli dəyərləndirmələrə əsaslandığı vurğulanaraq, “Bu, tipik birtərəfli zorakılıq nümunəsidir. Bu, təkcə ABŞ-nin öz maraqlarına zərər vurmaqla kifayətlənməyəcək, həm də qlobal iqtisadi inkişafı və təchizat zəncirinin sabitliyini təhlükəyə atacaq”, – ifadələrinə yer verilib.

 

TRT XƏBƏR

Günel Verdiyeva