9 aydır Kosmosda qalan astronavtlar danışdı

Tarix: 21:41 03.04.2025
2024-cü ildə sınaq uçuşu üçün Beynəlxalq Kosmik Stansiyaya (BKS) gedən Butch Wilmore və Suni Williamsın missiyası planlaşdırılandan daha uzun, 9 ay davam edib. 5 iyun 2024-cü ildə Boeing-in eksperimental kosmik gəmisi Starliner ilə başlayan bu missiya, texniki nasazlıqlar səbəbindən böyük böhrana səbəb olub. 8 gün davam edəcəyi düşünülən missiya, Starliner-dəkı təhlükəsizlik riskləri səbəbindən astronavtların aylarla ISS-də qalmasına yol açıb. Problemlərə görə missiyanı başa çatdırmaq və astronavtları yerə qaytarmaq üçün alternativ üsul hazırlanıb. Nəhayət, 19 mart 2025-ci ildə NASA və SpaceX-in dəstəyi ilə astronavtlar Dragon kosmik gəmisi ilə yerə qayıdıblar.
Astronavtlar ABŞ-da yerləşən Fox News telekanalına müsahibə verərək keçdikləri prosesi dəyərləndiriblər. Uçuş testinin komandiri Butch Wilmore, "Boeing və NASA kimi, mən də missiyanın pozulmasına görə məsuliyyət daşıyanlardan biriyəm. Geriyə baxdıqda, soruşulması lazım olan sualların olduğunu görürəm" deyib.
Suni Williams isə "Starliner"dəki texniki problemlərə görə "Boeing"ə inamsız olub-olmadığını soruşduqda, "Kosmos gəmisi, bütün sistemlərin birləşdirilməsi baxımından olduqca mürəkkəbdir. Bu vəziyyəti xəyal qırıqlığı kimi təsvir edə bilmərəm" cavabını verib.
Mənbə: CNN Türk
Səyyarə Mirzəyeva