Bakıda ağacları kəsən sahibkar 11 min manatdan çox “zərər ödəyəcək”

Tarix: 22:22 08.04.2025
Bakıda ağacları kəsərək təbiətə 11 min manatdan çox ziyan vuran sahibkar cəzalandırılıb.
Ağacların kəsilməsi ilə bağlı 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olan şikayət araşdırılıb. Tikinti işləri aparılan zaman kafenin sahibinin göstərişi ilə ağacların kəsildiyi və təbiətə 11 min 700 manat ziyan dəydiyi müəyyən olunub.
Bu məsələ ilə bağlı hüquqşünas Mehman Muradlı "İnformator.az"a açıqlamasında bildirib ki, verdiyi ziyana görə sahibkar yüksək məbləğdə cərimə olunacaq:
“Sahibkar ağacları kəsərək dövlətə ziyan verdiyinə görə 11 min manatı mütləq ödəməlidir. İnzibati qaydada hüquq pozulub. Bu halda yüksək məbləğdə cərimə olunacaq. Dövlətin tətbiq etdiyi cərimə gəlir vergisinə təsir etmir. Özbaşınalığın nəticəsi olaraq fərdi qaydada isə təsiri ola bilər".
Məhərrəmli Xədicə