Trampın tarif qərarı Hindistanın tökmə sənayesini çökdürüb

Tarix: 12:09 07.07.2025
ABŞ-nin polad və alüminiuma tətbiq etdiyi yüksək tariflər Hindistanın tökmə sənayesinə ciddi zərbə vurub. Donald Tramp 4 iyunda bu tarifləri 50 faizə qədər artıraraq, sifarişlərin 30 faizinin ləğvinə səbəb olub. Tariflər səbəbilə ABŞ bazarına ixrac edən Hindistan şirkətləri sifariş itkisi, ödəniş gecikmələri və müştəri axınının zəifləməsi ilə üzləşib. Daxili bazarda isə Çin məhsulları ilə rəqabət vəziyyəti daha da çətinləşdirir.
Tökmə zavodlarının əksəriyyəti mikro və orta sahibkarlıq subyektləridir. Bu müəssisələr aşağı sifariş həcmi və yüksək tarif səbəbilə ayaqda qalmaqda çətinlik çəkir. ABŞ bazarından asılı olan bir çox layihə ya təxirə salınıb, ya da tamamilə dayandırılıb. Bəzi sahibkarlar işçi ixtisarına hazırlaşır, sifarişlərin azalması genişlənmə planlarını yarımçıq qoyub.
Hindistan 2024-cü ildə ABŞ-yə 4,56 milyard dollarlıq polad və alüminium məhsulu ixrac edib. Ekspertlər hesab edir ki, yüksək tariflər nə idxalı azaldıb, nə də ABŞ istehsalını artırıb. ABŞ-də qiymətlər yüksək olduğuna görə, tikinti və sənaye sahələri əlavə xərclərlə üzləşir. Hindistanın isə ixracatı qorumaq və yerli istehsalı gücləndirmək üçün aydın və məqsədyönlü ticarət strategiyasına ehtiyacı var.
Mənbə: Al Jazeera
Qəmər Kazımzadə