Rəqəmsal təhsil və texnologiyalar

Tarix: 22:21 09.04.2025
Son illərdə təhsil sahəsində böyük bir dəyişiklik müşahidə edilir. Rəqəmsal dərs kitabları və onlayn təhsil resursları ənənəvi dərs kitablarının yerini tədricən almağa başlayıb. Bu, təhsil sistemindəki müasir inkişaflarla bağlı olaraq əhəmiyyətli bir dönüşümə səbəb olub.
Mövzu ilə bağlı təhsil eksperti Vüsət Əzizov "İnformator.az"a açıqlamasında bildirib ki, texnologiyanın inkişafı və rəqəmsallaşma təhsil sistemini də əhatə edərək yeni imkanlar yaradır:
"Ənənəvi dərs metodları artıq müasir çağırışlara cavab verməkdə çətinlik çəkir. Bu gün Azərbaycan təhsilində hər bir məktəbin müasir texnologiyalarla təmin olunması və rəqəmsal dərsliklərin tətbiqi gələcəyin təhsili üçün əsas prioritetlərdən biri kimi müəyyənləşdirilməlidir. Rəqəmsal dərsliklər və interaktiv platformalar hər bir şagirdin fərdi tədris ehtiyaclarını qarşılamağa imkan yaradır və ən son elmi məlumatlarla təhsili daha əlçatan edir. Müəllimlər dərs planlarını asanlıqla hazırlaya bilir, şagirdlər isə tədris materiallarını istənilən zaman və məkanda öyrənə bilirlər. Şagirdlərin rəqəmsal mühitdə təhsil alması onların gələcək əmək bazarına hazırlığını artırır.
Rəqəmsal texnologiyalar və dərsliklər təhsilin daha əlçatan və effektiv olmasına töhfə verir. Şagirdlər müasir biliklər əldə etməklə yanaşı, texnoloji savadlılıq da qazanırlar. Bu isə onların gələcəkdə peşəkar mühitə daha yaxşı uyğunlaşmasına imkan yaradır. Son illərdə rəqəmsal dərs kitabları və onlayn təhsil resursları ənənəvi dərs kitablarının yerini tədricən almağa başlayıb".
Ekspert qeyd edib ki, ənənəvi dərs kitablarının onlayn resurslarla əvəz olunması prosesi tam şəkildə həyata keçirmək uzun zaman tələb edə bilər:
"Ənənəvi dərs kitablarını oxuyarkən kitabla fiziki əlaqə qurmaq, kağızın qoxusu, vərəqlərin çevrilməsi, xışıltısı, oxuduqca kitabın sonuna yaxınlaşmanı əllə hiss etmək, sətirlərin altını cızaraq qeydlər aparmaq, səhifə kənarlarını qatlamaq kimi xüsusiyyətlər — ümumilikdə, kitabla qurulan psixoloji və emosional əlaqə — dərsin daha yaxşı qavranılmasına kömək edir. Bu, həmçinin xüsusi bir atmosfer və estetik zövq yaradır. Gələcəkdə dərs kitabları multimedia xüsusiyyətləri qazana bilər: daxilində qrafik təsvirlər, səslər, animasiyalar, videolar və digər interaktiv elementlər yer ala bilər. Hazırda bütün dünyada müxtəlif sahələrdə rəqəmsallaşma prosesi geniş vüsət alır. Müasir texnologiya və proqramlardan istifadənin zərurəti yaranır. Rəqəmsallaşma təhsil sistemindəki yeniliklərlə bağlı olaraq Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün təlimlər təşkil edilir. Davamlı olaraq keçirilən təlimlərin məqsədi müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və rəqəmsal bacarıqların inkişaf etdirilməsidir. Artıq şagirdlərin məktəblərdə öyrəndiyi bacarıqlar ümumi şəkildə ölkəmizdə rəqəmsal bacarıqların inkişafına ciddi təsir edəcək. Bu sahədə əsas prioritet isə rəqəmsal bacarıqların davamlı inkişaf etdirilməsidir. Gələcəkdə bu istiqamətdə görüləcək işlər rəqəmsal iqtisadiyyatın və cəmiyyətin inkişafında əhəmiyyətli nəticələrə səbəb olacaq".
Aytən Ağazadə