İran və Azərbaycan arasında iqtisadi əməkdaşlıq-İmkanlar və risklər

Tarix: 20:12 18.05.2025
Azərbaycan və İran arasında son dövrlər iqtisadi əməkdaşlıq sahəsində ciddi irəliləyiş müşahidə olunur. Xüsusilə ixrac-idxal əməliyyatlarının asanlaşdırılması istiqamətində atılan addımlar diqqət çəkir.
Azərbaycan və İran arasında son razılaşmalar hansı məhsulların dövriyyəsinə təsir göstərəcək, bu, sahibkarlar üçün hansı üstünlükləri yaradacaq və regional iqtisadi inteqrasiyaya necə töhfə verəcək?
Mövzu ilə əlaqəli iqtisadçı Akif Nəsirli "İnformator.az"a bildirib ki, İran və Azərbaycan arasında iqtisadi əməkdaşlıq əsasən kənd təsərrüfatı məhsulları üzrə genişlənməkdədir:
" İran, Azərbaycana nisbətən daha ucuz qiymətə kənd təsərrüfatı məhsulları ixrac edir. Bu məhsullar sırasında kartof, soğan, xurma, kişmiş, kərə yağı və digər ərzaq növləri yer alır. Qeyd etmək lazımdır ki, Azərbaycanın ən böyük kərə yağı idxalçısı məhz İrandır.İki ölkə arasında siyasi münasibətlər zaman-zaman dalğavari şəkildə dəyişir. Bu cür qeyri-sabitlik təbii olaraq iqtisadi əlaqələrə, xüsusilə ticarət dövriyyəsinə də təsirsiz ötüşmür. Halbuki daha geniş və davamlı ticarət əməkdaşlığı hər iki tərəf üçün faydalı ola bilər.
Hazırda imzalanan razılaşmalar gələcəkdə İran–Azərbaycan sərhədində Azad İqtisadi Zonanın yaradılması üçün hüquqi və iqtisadi zəmin formalaşdıra bilər. Bununla belə, İran siyasi hakimiyyətinin Azərbaycana qarşı sabit və etibarlı siyasət yürütmək iradəsi zəif görünür. Bu səbəbdən, iqtisadi əlaqələrin genişləndirilməsi faydalı sayılsa da, proses ehtiyatla və mərhələli şəkildə həyata keçirilməlidir.
Məsələn, torpaqlar işğal altında olduğu dövrdə Azərbaycanla İran arasında razılaşdırılmış şəkildə Xudafərin və Qız Qalası su bəndlərinin tikintisinə başlanılmışdı. Lakin layihənin tamamlanmasına az qalmış, Azərbaycanın İrandakı səfirliyi silahlı hücuma məruz qaldı. Bu hücumun sifarişçisinin İran hakimiyyət dairələri olduğu barədə ciddi ehtimallar irəli sürüldü. Hadisə nəticəsində səfirliyin əməkdaşı yaralandı, mühafizə xidmətinin rəhbəri isə həyatını itirdi".
Ekspert əlavə edib ki, İran kənd təsərrüfatı məhsullarının ucuz olmasının əsas səbəblərindən biri ölkədə dizel yanacağının qiymətinin çox aşağı olmasıdır:
" Azərbaycanda dizelin litri 1 manata satıldığı halda, İranda bu göstərici təxminən 2 qəpikdir. Bu ciddi qiymət fərqi məhsulların maya dəyərinə təsir göstərir və İran məhsullarının bazarda daha əlçatan qiymətlərlə təklif olunmasına səbəb olur.Əgər bu imkanlardan düzgün istifadə olunsa və bazarda effektiv tənzimləmə tədbirləri görülərsə, məsələn, İran istehsalı olan kərə yağı 10–12 manat civarında satışa çıxarıla bilər. Halbuki hazırda 8 manat 27 qəpiyə idxal edilən bu məhsul Azərbaycanın ticarət mərkəzlərində 18–20 manata təklif olunur.
Bütün bunlarla yanaşı, İranla açıq iqtisadi əməkdaşlıq risklidir. Siyasi münasibətlərdəki gərginliklər iqtisadi sahəyə də zərbə vura bilər. Bu səbəbdən, iqtisadi əlaqələrin qurulması zamanı ehtiyatlı davranılmalı və qərarlar əsaslı iqtisadi analizlərə söykənməlidir. Əməkdaşlığın həcmi və istiqamətləri dövlətin iqtisadi menecerləri və mütəxəssisləri tərəfindən müəyyən olunmalıdır. Bu, ictimai müzakirə yox, peşəkar qiymətləndirmə və risk dəyərləndirməsi tələb edən məsələdir".
Türkan Kərimli