Azərbaycan və Qətər: Mədəni və iqtisadi əməkdaşlıq müzakirə edilib

Tarix: 22:36 11.04.2025
11 aprel tarixində Baş nazir Əli Əsədov Qətərin mədəniyyət naziri Abdülrəhman bin Həməd Al-Tani ilə görüşüb.
Görüşdə Azərbaycan-Qətər münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub, xüsusilə mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb.
Azərbaycanla Qətər arasında ticarət, investisiya, humanitar, mədəniyyət, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası üçün investisiyalara ehtiyac duyulduğu bir vaxtda Qətərlə münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır:
“Qətər, coğrafi baxımdan ərazicə kiçik olsa da, dünya siyasətində əhəmiyyətli rol oynayan ölkələrdən biridir. Yaxın və Orta Şərqdə baş verən bir çox hadisələrdə Qətərin təsir imkanları mövcuddur. Xüsusilə İsrail-Fələstin məsələsində əsas görüş yerlərindən biri kimi Qətərin seçilməsi, onun regionda oynadığı rolun göstəricisi sayıla bilər. Nəzərə almaq lazımdır ki, Qətər dünyanın ən varlı ölkələrindən biridir və eyni zamanda ABŞ və Türkiyənin hərbi bazalarının öz ərazisində yerləşməsinə icazə verib. Faktiki olaraq, hər iki ölkənin himayəsində olduğunu söyləmək olar. Həmçinin Qətərin İranla da normal münasibətləri var. Ölkə iqtisadi gücünə görə dünyada ciddi çəkidə olan dövlətlərdəndir və dünyanın ən böyük qaz yataqlarına malik ölkələrindən biridir. Müxtəlif ölkələrdə investisiya proqramları həyata keçirirlər.
Azərbaycanla Qətər arasında münasibətlərin inkişafı Türkiyə ilə koordinasiyalı siyasətin bir hissəsi kimi də qiymətləndirilə bilər. Belə bir vaxtda bu münasibətlərin inkişafı, həm Azərbaycanı ərəb dünyasına daha da yaxınlaşdırar, həm də qarşılıqlı investisiya məsələlərinin həllinə töhfə verə bilər".
Fatimə Şahverdiyeva