Nazir müavini: "Azərbaycan və Gürcüstanın əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir"

Bölmə: İqtisadiyyat › ,
Tarix: 12:20 03.06.2025

 

"Azərbaycan və Gürcüstanın enerji əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir".

 

"İnformator.az" xəbər verir ki, bu fikri Bakı Enerji Forumu çərçivəsində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze səsləndirib.

 

O, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının enerji sahəsindən kənara çıxaraq, daha geniş sahələri əhatə etdiyini vurğulayıb.

 

Nazir müavini qeyd edib ki, Gürcüstanın bu tədbirdə iştirakı Tbilisi ilə Bakı arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini bir daha nümayiş etdirir. O, həmçinin Azərbaycanla birgə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsinin Avropa üçün etibarlı enerji mənbəyi olduğunu bildirib.

 

V.Tsintsadze yaşıl enerji sahəsindəki birgə layihələrin - Gürcüstan-Rumıniya interkonnektoru və Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan enerji dəhlizinin - əhəmiyyətini vurğulayıb.


Onun sözlərinə görə, bu təşəbbüslər tədarük marşrutlarının şaxələndirilməsinə və Avropa İttifaqının enerji dayanıqlığının möhkəmləndirilməsinə töhfə verəcək.