Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxil olmaları 11 %-ə yaxın artıb

Tarix: 22:42 11.04.2025
Bu ilin I rübündə Azərbaycanda vergi daxil olmalarının 3 milyard 226,4 milyon manatı və ya 73,7 %-i qeyri-neft-qaz sektorunun payına düşüb.
Bu məsələ ilə bağlı iqtisadçı Pərviz Heydərov "İnformator.az"a açıqlamasında bildirib ki, 2019-cu ildə Vergi Məcəlləsinə bir il ərzində 300-ə yaxın, ümumilikdə isə təxminən 1000-ə yaxın dəyişiklik edilib:
"Azərbaycanda son vaxtlar iqtisadiyyatda qeyri-neft-qaz sektorunun payı artır. Həm ümumi daxili məhsul istehsalında, həm də dövlət büdcəsinə daxil olan gəlirlərdə qeyri-neft-qaz sahəsinin rolu genişlənir.
Vergi Məcəlləsinin yenidən işlənməsinə böyük ehtiyac var. Çünki indiyə qədər Vergi Məcəlləsində bir sıra dəyişikliklər edilib. 2019-cu ildə təkcə bir ildə 300-ə yaxın, ümumilikdə isə 1000-ə yaxın dəyişiklik həyata keçirilib. Bu da yeni bir vergi məcəlləsinin hazırlanmasını zəruri edir.
Azərbaycanın neft-qaz sektorunun inkişafı və vergi daxil olmalarının artması əsasən xidmət və ticarət sahələrində müşahidə olunur. Təəssüf ki, qeyri-neft-qaz sektoru üzrə istehsal sahələri hələ də azdır. Bu sahələr üzrə daha çox istehsal müəssisələri yaradılmalıdır. Aqrar sektorun, yəni kənd təsərrüfatının ümumi daxili məhsul istehsalındakı payı 10 %-i təşkil edir ki, bu da olduqca aşağı göstəricidir.
Dövlət gəlirlərimizin böyük hissəsini neft və qaz satışından əldə olunan valyuta təşkil edir. Dövlət büdcəsindən sosial istiqamətli xərclərin həyata keçirilməsinin əsasını da məhz bu gəlirlər təşkil edir".
Məhərrəmli Xədicə