Qətər Misir iqtisadiyyatına 7,5 milyard dollar sərmayə qoyacaq

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:17 15.04.2025

Qətər ölkələr arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədilə Misir iqtisadiyyatına birbaşa 7,5 milyard ABŞ dolları dəyərində sərmayə qoymağa razılıq verib.

 

Bu məsələ ilə bağlı iqtisadçı Əli Mustafa “İnformator.az”a verdiyi açıqlamada bildirib ki, iqtisadiyyata dəstək məqsədilə ABŞ Misirə 2-3 milyard dollar ayırıb:

 

“Ərəb ölkələri içərisində ən güclü və strateji dövlət Misir sayılır. Əhalisinin sayına, hərbi gücünə, iqtisadi-siyasi və geopolitik imkanlarına görə Misir ərəb ölkələrinin lider dövlətlərindən biri hesab olunur.

Amma təbii ehtiyatları zəif olduğundan, digər ərəb ölkələrindən fərqli olaraq böyük neft gəlirlərinə malik deyil. Uzun illərdir ki, ABŞ Misir ordusunu maliyyələşdirir. İqtisadiyyatına dəstək üçün ABŞ Misirə 2-3 milyard dollar ayırıb. Bu yardım davamlı şəkildə həyata keçirilir. Lakin hazırda ABŞ-də da maliyyə çətinlikləri mövcuddur. Misirin ABŞ-dən ayrılan rüsumsuz imtiyazları almamaq riski də var.

 

Qətər çox zəngin ölkədir və böyük sərmayəyə malikdir. Dünyanın ən zəngin neft-qaz ölkələrindən biri hesab olunur. Dövlətin xərclədiyi vəsaitdən əlavə, kifayət qədər əlavə maliyyə resursuna sahibdir.

Misir və Qətər hər ikisi bölgə dövlətləridir. Başqa ölkənin ərazisinə sərmayə qoymaqdansa, öz regionunda sərmayə yatırmaq daha təminatlıdır. Çünki başqa ölkəyə sərmayə qoyulsa, müəyyən risklər yarana bilər.

 

Son vaxtlar ABŞ-nin rüsum siyasəti dünyada qütbləşməni dərinləşdirib və kommunikasiyanı zəiflədib. Misirə bu sərmayənin qoyulması həm iqtisadi, həm də siyasi baxımdan Qətər üçün daha münasibdir.

Biz gələcəkdə böyük türk-müsəlman dünyasının vahid bir qütb halında formalaşacağına inanırıq. İndidən bu qütb daxilində əməkdaşlıq dərinləşir və resurslar bölgə dövlətlərinin inkişafı və tərəqqisinə yönəldilir”.

 

Məhərrəmli Xədicə