Dönərdən zəhərlənmələr niyə artır?

Tarix: 20:40 16.04.2025
Son zamanlar sosial şəbəkələrdə və xəbər portallarında tez-tez rast gəlinən hallardan biri dönərdən zəhərlənənlərin sayının artmasıdır.
İnsanlar gündəlik həyatlarında sürətli və əlçatan yeməyə üstünlük verirlər, xüsusilə də dönər kimi sevilən və tez hazırlanan qidalara. Amma, bəzən bir tikə dönər insanı xəstəxanaya qədər apara bilir.
Bu məsələ ilə bağlı dietoloq Məhəmməd Abdullayev "İnformator.az"a açıqlamasında bildirib ki, bəzi qidaların içindəki bakteriyalar 100 dərəcəyə qədər çatdırılsa belə ölmür və nəticədə zəhərlənmə halları baş verir:
“İlk olaraq məhsul seçimi, hansı məhsuldan istifadə edildiyi önəmlidir. İşin birinci mərhələsi xammalın saxlanması, texniki qaydalara uyğun olub-olmamasıdır. İkinci mərhələdə isə onun hazırlanma qaydasına baxılır. Hazırlanarkən hansı ədviyyatlardan istifadə olunduğu və gigiyenik qaydalara əməl edilib-edilmədiyi çox önəmlidir. Ən kiçik bakterial mühit bizə sıradan görünsə də, bəzi qidaların içindəki bakteriyalar 100 dərəcəyə qədər isitmə ilə belə ölmür və nəticədə zəhərlənmə halları baş verir.
Əksər dönərlər açıq pəncərə qarşısında hazırlanır. Toksiki yüklər, bakterial mühitlər durmadan hava-damcı yolu ilə onların üzərinə hopur. İmmun sistemi zəif olan insanlar bu vəziyyətlə mübarizə apara bilmir və nəticədə zəhərlənməyə gətirib çıxarır. Dönərlərin içində istifadə olunan salatlar, souslar soyuq qabların içində deyil, isti otaqlarda saxlanılır. Bunların hamısının nəticəsi olaraq toksiki yüklər, bakteriyalar çoxalır və insanlar zəhərlənir".
Xədicə Məhərrəmli