36 məktəb direktoru işdən azad edilib

Tarix: 20:53 16.04.2025
2024-cü il ərzində 4743 monitorinq keçirilib.
Ölkə üzrə təhsil müəssisələrini əhatə edən 4743 monitorinq nəticəsində 36 məktəb direktoru işdən azad edilib, 38 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 96 nəfərə töhmət verilib, 34 direktora isə xəbərdarlıq elan edilib.
Mövzu ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmov “İnformator.az”a açıqlamasında bildirib ki, direktorların işdən azad edilməsinə əsas olan səbəblər adətən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına bağlıdır:
“Hər hansı korrupsiya əməlinə bulaşmaları, müəllimlərin işə gəlməməsinə və ya şagirdlərin dərsə davamiyyətinə göz yummaları, sənədlərdəki problemlər bu qərarların əsas səbəbləridir. Adətən Azərbaycan məktəblərində rast gəlinən bu kimi hallar vəzifə səlahiyyətlərindən sui-istifadə çərçivəsində qiymətləndirilə biləcək xətalardır. Direktor əgər şiddətli töhmət alıbsa, növbəti dəfə bu, onun işdən azad edilməsi və müqaviləsinə xitam verilməsi ilə nəticələnə bilər. Beləliklə, onlar təhsilə daha çox ziyan vura bilmirlər.
Bəs direktorların fəaliyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı hansı planlar var? Dünyada bu sahədə daha sağlam və düzgün sistem qurulub. Məktəb direktorlarının fəaliyyətini monitorinq edən, şəffaflıq və hesabatlılığı təmin edən mexanizmlər mövcuddur. Məktəbdə çalışan hər kəsin yuxarı instansiyalara birbaşa çıxış imkanının olması çox vacibdir ki, hər hansı bir problem zamanı işçilər bunu rəhbərliyə çatdıra bilsinlər. Əgər kommunikasiya düzgün qurulubsa və nəzarət tək bir şəxsin deyil, fərqli strukturların əlindədirsə, o zaman ədalətli və şəffaf təhsil sistemindən danışmaq mümkündür.
Nəzarət tədbirlərinin müəllim və şagird mühitinə təsiri necə qiymətləndirilir? Əlbəttə, hazırda məktəblərdə korrupsiyaya bulaşmış insanların fəaliyyət göstərməsi arzuolunan hal deyil. Bu, təhsilə ciddi ziyan vurur".
Çimnaz Telmanqızı