Büdcə Kəsiri Azalır: Xarici Borclanma Və İqtisadi Risklər

Tarix: 22:42 16.04.2025
Azərbaycanda dövlət büdcəsi kəsirinin Ümumi Daxili Məhsula (ÜDM) nisbətinin 2026-cı ildə 2,2%, 2029-cu ildə isə 1,3% olacağı proqnozlaşdırılır. Rəsmi açıqlamalara görə, bu proqnozlar, ölkənin iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin nəticəsi olaraq ortaya çıxıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, büdcə kəsirinin azalması məqsədilə xarici borclanma ilə bağlı danışıqların başlanması vacibdir. Lakin, bununla yanaşı, xarici borclanmanın artmasının ölkə iqtisadiyyatına gətirə biləcəyi risklər barədə də xəbərdarlıq edib:
“Büdcə kəsirinin azalması əlbəttə müsbət bir inkişafdır və iqtisadiyyatın dayanıqlılığını təmin etmək baxımından vacibdir. Lakin, xarici borclanmanın artması ilə bağlı danışıqlara başlanılması bir tərəfdən müsbət görünə bilər, amma bununla bərabər valyuta riskləri, borc yükünün artması və uzun müddətli iqtisadi çətinliklərə səbəb ola biləcək nəticələr də gözlənilir. Dövlətin borc yükü artarsa, bu, nəinki sosial proqramların maliyyələşdirilməsində, həm də iqtisadi sabitlikdə çətinliklər yarada bilər”.
Bundan əlavə, Akif Nəsirli, xarici borclanma məsələsinin yalnız qısamüddətli deyil, həm də uzunmüddətli iqtisadiyyatın inkişafı üçün balanslı şəkildə tənzimlənməli olduğunu vurğulayıb:
“Xarici borclanma yalnız müvəqqəti olaraq ölkə iqtisadiyyatına təkamül verə bilər. Lakin uzun müddətli borc yükləri ölkənin maliyyə sabitliyinə ciddi təzyiq göstərə bilər. Bu səbəbdən, xarici borclanma ilə bağlı müzakirələrdə ölkənin iqtisadiyyatının gücləndirilməsi üçün əsaslı addımların atılması vacibdir. Təkcə borclanma deyil, həm də daxili iqtisadiyyatı, istehsal sahələrini və xarici ticarət əlaqələrini gücləndirmək lazımdır. Əgər bu balans düzgün qurulsa, xarici borclanma ölkəyə faydalı ola bilər".
İqtisadçı ekspert, həmçinin, ölkənin bu vəziyyətdə yerli investisiyaları da artırmaq və iqtisadiyyatın şaxələndirilməsi üçün dövlətin digər tədbirlər görməsini tövsiyə edib:
“Xarici borclanma yalnız bir vasitədir. Ölkənin iqtisadiyyatını daha da gücləndirmək və dayanıqlı inkişaf təmin etmək üçün yerli investisiyaların artırılması, yeni iqtisadi sahələrin inkişafı və ixracın artırılması zəruridir. Bu yolla ölkə həm daxili, həm də xarici bazarlarda güclü bir mövqe qura bilər. Bu həm də büdcə kəsirinin daha da azalmasına şərait yaradacaq.”
Asiman Vəliyeva