Azərbaycan neftinin qiyməti 68 dolları ötüb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:39 17.04.2025

Azərbaycan neftinin bir barelinin qiyməti 1,30 ABŞ dolları və ya 1,99% artaraq 66,64 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

 

Bu məsələ ilə bağlı iqtisadçı Xəyal Bəşirov "İnformator.az"a açıqlamasında bildirib ki, neft qiymətlərindəki dəyişikliklər Azərbaycanda dövlət xərclərinə təsir edə bilər:

 

"Bu gün dünyada ABŞ-nin Donald Tramp administrasiyasının atdığı addımlar, tətbiq etdiyi iqtisadi siyasətlər və baş verən iqtisadi kataklizmlər bir sıra təlatümlərə səbəb olub. Bu təsirlərdən neft də yan keçməyib. Azərbaycan neft ölkəsi olduğuna görə, bu dəyişikliklərin mənfi nəticələrini də müşahidə edirik.

 

Azərbaycan 2025-ci il dövlət büdcəsində neftin bir bareli 70 ABŞ dolları həcmində nəzərdə tutulub. Son vaxtlar qiymətlər bu səviyyədən bir qədər aşağı olub. Bu da büdcəyə müəyyən dərəcədə təsir göstərə bilər. Amma dövlətçilik, iqtisadiyyat və iqtisadi təhlükəsizliyi təmin edən dövlətlər belə amilləri hər zaman nəzərə alırlar.

 

Bir neçə günlük qiymət ucuzlaşması ciddi nəticələrə gətirib çıxarmayacaq. İllik büdcə kontekstində bu cür dəyişikliklər əhəmiyyətli təsir yaratmaya bilər. Bu, bütün dünyada baş verən prosesdir və Azərbaycan bu proseslərin qarşısını almaq imkanına malik deyil. Bu, yalnız bir ölkənin deyil, beynəlxalq münasibətlərdəki gərginliyin nəticəsidir.

 

Neft qiymətlərindəki dəyişikliklər dövlət xərclərinə müəyyən təsir edə bilər. Amma sosial layihələrə ciddi təsir göstərəcəyini düşünmürəm. Çünki bu günədək Azərbaycan neftinin qiymətində bir çox dəyişikliklər müşahidə olunub. Buna baxmayaraq, ölkəmiz müxtəlif sahələrdə ilin əvvəlində planlaşdırılan bütün layihələrin həyata keçirilməsinə nail olub. İşğaldan azad edilmiş ərazilərdə quruculuq və bərpa işlərinə hər il dövlət büdcəsindən milyardlarla manat vəsait ayrılır.

 

Dövlətimiz ehtiyat vasitələrindən istifadə edərək bu layihələrin davam etdirilməsi və başa çatdırılması istiqamətində ardıcıl addımlar atır. Hazırkı mərhələdə narahatlıq üçün əsas yoxdur. Lakin bu proseslərin uzunmüddətli davam etməsi gələcəkdə təkcə Azərbaycana deyil, bütün dünya iqtisadiyyatına ciddi zərbə vura bilər".

 

Məhərrəmli Xədicə