ABŞ-nin Yəməndəki hava zərbələrində azı 38 nəfər ölüb, 102 nəfər yaralanıb

Bölmə: Dünya › ,
Tarix: 12:31 18.04.2025

ABŞ-nin Yəmənin Ras İsa neft terminalına endirilən hava zərbələri nəticəsində azı 38 nəfər həyatını itirib, bu isə ABŞ qüvvələrinin ölkəyə qarşı həyata keçirdiyi ən qanlı hücumlardan biri sayılır – bu barədə husilərə bağlı media məlumat yayıb.

 

"Hudeydə Səhiyyə İdarəsinin" məlumatına əsasən 102 nəfər də yaralanıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, hava hücumlarının məqsədi husilərin yanacaq və gəlir mənbələrini kəsmək olub.
“Bu gün ABŞ qüvvələri İranın dəstəklədiyi husi terrorçularının yanacaq mənbəyini aradan qaldırmaq üçün tədbir gördü”, – CENTCOM sosial şəbəkə paylaşımında bildirib.

“Bu zərbələrin məqsədi husilərin iqtisadi güc mənbəyini zəiflətməkdir",– deyə əlavə olunub.
Pentaqon isə Reuters xəbər agentliyinin artan insan tələfatı ilə bağlı sualına cavab verməyib.
Əl-Cəzirənin Yəmənin paytaxtı Sənadan xəbər verən müxbiri Məhəmməd əl-Attab bildirib ki, ABŞ hava zərbələri bir neçə əraziyə endirilsə də, əsasən neft terminalı ətrafında cəmlənib.

“İlk dörd hava zərbəsi insanlar iş başında olarkən həyata keçirildi", – deyə o bildirib.

 

Hücumlar terminalda olan işçiləri və orada olan yük maşını sürücülərini qəfil yaxalayıb.

 

Mənbə:Al Jazeera
Qəmər Kazımzadə