ABŞ-dən Çinə növbəti rüsum

Bölmə: İqtisadiyyat › ,
Tarix: 19:21 18.04.2025

ABŞ administrasiyası Çinlə ticarət qarşıdurmasının kəskinləşməsi fonunda bu ölkədən idxal olunan məhsullara 245%-lik rüsum tətbiq edə bilər.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli “İnformator.az” a açıqlamasında bildirib ki, hazırda iki ölkə arasında qarşılıqlı iqtisadi müharibə gedir:

 

“Trampın əsas hədəfi Çin iqtisadiyyatına qarşı mübarizə aparmaqdır. Çin iqtisadiyyatının ən böyük bazarı isə Amerikadır. Tramp rüsumları artırmaqla Çini ABŞ bazarından uzaqlaşdırmaq, eyni zamanda ölkə daxilində istehsalın güclənməsinə və inkişafına şərait yaratmaq istəyir. Bu istiqamətdə növbəti addımı isə enerji daşıyıcılarının qiymətini dünya bazarında ucuzlaşdırmaqdır. Artıq enerji daşıyıcılarının qiymətində eniş müşahidə olunur.

 

Tramp yaxşı bilir ki, idxal məhsullarına rüsum tətbiqi ölkə daxilində bahalaşmaya səbəb olacaq. Ona görə də bu bahalaşmanı enerji daşıyıcılarının qiymətlərini aşağı salmaqla kompensasiya etməyə çalışır ki, daxili iqtisadiyyat zərər görməsin.

 

Çin də cavab olaraq, ABŞ məhsullarına qarşı analoji rüsumlar tətbiq edəcək. Beləliklə, iki ölkə arasında qarşılıqlı iqtisadi müharibə davam edir. Bu qarşıdurmadan Çin iqtisadiyyatı ciddi zərər görə bilər. ABŞ iqtisadiyyatı da müəyyən itkilərlə üzləşəcək. Ümumilikdə, müharibə edən hər iki tərəf itki ilə qarşılaşacaq. Lakin mən düşünürəm ki, bu mübarizədən ABŞ daha güclü çıxacaq. ABŞ-ın daxili iqtisadiyyatı yenidən canlanacaq.

 

Hazırda ABŞ dövləti böyük borc altındadır. Dövlət borcunun həcmi, demək olar ki, Ümumi Daxili Məhsul səviyyəsinə yaxındır. Tramp isə bu vəziyyətdən çıxış yolları axtarır. Digər tərəfdən, iqtisadiyyatı gücləndirmək üçün atılan addımlar eyni zamanda Çinlə də mübarizə tədbirlərinə çevrilir. Məqsəd, ABŞ iqtisadiyyatını dirçəltmək və Çin məhsullarını dünya bazarından sıxışdırmaqdır.

 

Tramp bu məqsədlərə nə dərəcədə nail olacaq, bunu zaman göstərəcək. Amma ilkin ehtimallara əsasən, qalib tərəf ABŞ olacaq. Çoxlu sayda ekspertlər bunun əksini düşünür, lakin mən hesab edirəm ki, ABŞ bu qarşıdurmadan üstün çıxacaq", – deyə iqtisadçı ekspert vurğulayıb.

 

Səyyarə Mirzəyeva