Azərbaycan süd məhsulları istehsalını azaldıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 23:08 23.04.2025

Bu ilin I rübündə Azərbaycanda 2 min 405,9 ton qaymaq və xama istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, 12,7 % azdır. Yanvar-mart aylarında ölkədə pendir və kəsmik istehsalı isə 1 il əvvələ nisbətən 5,5 % azalaraq 12 min 954,4 ton olub. Aprelin 1-nə respublikada 0,2 ton qaymaq və xama ehtiyatı, 98,2 ton pendir və kəsmik ehtiyatı yaranıb. Xatırladaq ki, 3 ayda Azərbaycanda 1 milyard 395,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 12,2 % çoxdur.

 

Bu məsələ ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova "İnformator.az"a açıqlamasında bildirib ki, daxili tələbatda fərq ola bilər. Çünki bu gün bazarda satışda olan süd məhsulları adı altında təbii, keyfiyyətli qaynaqlardan deyil, süd yağı əvəzedicisi və ya idxal olunan quru süddən alınan məhsullar çoxdur:

 

“Azərbaycanda süd və süd məhsullarına tələbat hər zaman çoxdur. Lakin keyfiyyətli, təbii məhsullara əlçatanlıq azalır. Əsasən xammal çatışmazlığı var. Çünki süd məhsullarından alınan qaymaq, pendir, yağ, kəsmik kimi qida məhsullarının başa gəlməsinə görə xammalın qiymətinin baha olması və keyfiyyətli istehsal üçün daha çox maddi vəsait tələb olunması nəticəsində, xüsusilə heyvandarlığın saxlanılmasında, fermer təsərrüfatında, kənd təsərrüfatında, maldarlıq sahəsində istifadə olunan maddi vəsaitlə son məhsulun qiyməti bir-birinə uyğun gəlmir. Bu da kənd təsərrüfatının inkişafını zəiflədir. Xüsusilə də maldarlıq sahəsində məhsuldarlıq aşağı düşür. İqlim dəyişikliyinin də təsirindən yemlərin az olması, otlaqların çatışmazlığı və əldə olunan yem və otlaqların baha olması da heyvandarlıqda məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Bunun nəticəsində süd məhsullarının istehsalı azalır.

Daxili tələbatda fərq ola bilər. Çünki bu gün bazarda satışda olan süd məhsulları adı altında təbii, keyfiyyətli qaynaqlardan deyil, süd yağı əvəzedicisi və ya idxal olunan quru süddən alınan məhsullar çoxdur. Artıq bu məhsullar istehlakçıların süd məhsullarına olan tələbatının bir qismini ödədiyi üçün süd istehsalı azala bilər.

 

Keyfiyyətli məhsul baha başa gəldiyindən, tələbat olsa da əhalinin ona əlçatanlığı azalır. Bu da bir növ səbəb kimi göstərilə bilər. Bir çox hallarda Azərbaycana Rusiyadan, Belarusiyadan və Orta Asiya ölkələrindən gələn süd və süd məhsulları əhalinin tələbatının bir hissəsini ödədiyindən, bu da yerli süd istehsalının azalmasına səbəb ola bilər. Yerli istehsala daha çox təkan verilməlidir".

 

Xədicə Məhərrəmli