Papa Fransiskə son ehtiram

Tarix: 17:15 26.04.2025
Mərhum Roma Papası Fransiskə son ehtiramını bildirmək məqsədilə onlarla dünya lideri, hakimiyyətdə olan monarxlar və din xadimlərinin iştirakı ilə Müqəddəs Pyotr meydanında dəfn mərasimi başlanıb. Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin məlumatına görə, ilk Latın Amerikalı Papanın dəfn mərasimində 160-dan çox nümayəndə heyəti, o cümlədən 60-dan çox dövlət və hökumət başçıları, həmçinin Avropa İttifaqının liderləri iştirak edir.
Dəfn mərasimində Avropa liderləri ilə yanaşı, ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva, Argentina Prezidenti Xavyer Miley və Hindistan Prezidenti Droupadi Murmu da iştirak edirlər. Rusiyanı isə mədəniyyət naziri Olqa Lyubimova təmsil edir.
Papa Fransisk 2025-ci il aprelin 21-də 88 yaşında insult keçirərək vəfat edib. O, sələfi XVI Benediktin (1927–2022) istefasından sonra 2013-cü ildə 266-cı Papa kimi Katolik Kilsəsinin rəhbərliyinə seçilmişdi. Fransisk Romadakı Santa Maria Maggiore bazilikasında dəfn ediləcək.
TASS
Güllər Gülhüseynova