Atəşkəs yenidən pozulub! Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub

Tarix: 20:34 28.04.2025
Aprelin 28-i saat 00:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Əli Mustafa bildirib ki, bəlkə də bu, münasibətlərin normallaşmasına mane olmaq istəyən güclərin təxribatlarıdır:
“Əlbəttə, atəşkəsin pozulması yaxşı hal deyil. Biz çalışırıq ki, Ermənistanla etimadı yaradaq, sülh sazişinə gedən yolda olan maneələri aradan qaldıraq. Belə bir şəraitdə qonşu ölkənin atəşkəsi pozması və günahı bizdə görməsi xoşagələn hal deyil. Amma biz bilirik ki, Ermənistanda aktiv və passiv revanşistlər var. Bu yeni bir məsələ deyil. Mənə elə gəlir ki, bəlkə də bu, münasibətlərin normallaşmasına mane olmaq istəyən güclərin təxribarlarıdır. Bundan başqa bilirik ki, bölgədə böyük güclərin də maraqları var. Onlar Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını istəmirlər. Onlar vasitəçi olaraq bu prosesdə iştirak etmək istəyirlər. Bu isə onların istədiyi kimi getmədikdə belə təxribatlar baş verir. Ermənistan Ordusunda müxtəlif dövlətlərə bağlı olan zabitlər, şəxsi heyət var. Mümkündür ki, elə bu təxribatların da arxasında həmin qüvvələr dayanır".
Siyasi şərhçi bu addımların geniş qarşıdurmaya çevrilib-çevrilməyəcəyindən də danışıb:
“Mənə elə gəlir ki, bunlar geniş qarşıdurma tendensiyasına çevrilməyəcək. Yaranan münasibətləri və uğuru dəyişə bilməyəcək. Bu addımlar sadəcə etimadsızlıq yaradır. Ola bilsin, hansısa mesajları da verir. Bunu da istisna etmirəm. Ümid edirəm ki, burada hakimiyyətin özü deyil, hakimiyyətə qarşı olan güclər iştirak edir. Amma bütün hallarda məsuliyyət hakimiyyətin üzərindədir. Hakimiyyət həmin şəxsləri tapmalı, cəzalandırmalıdır. Paşinyan öz hakimiyyətini ordusuna yaymalıdır, orduya nəzarət etməyi bacarmalıdır. Bu olduqca vacibdir. Belə olduğu halda bu problemlərin aradan qalxacağını düşünürəm. Ümid edirəm ki, bu tendensiyaya çevrilməyəcək, münasibətlərin gərginləşməsinə və eskalasiyaya gətirib çıxarmayacaq".
Günel Verdiyeva