İranın Şəhid Rəcai limanında baş verən partlayışın səbəbi məlum olub

Tarix: 21:04 28.04.2025
İranın daxili işlər naziri İskəndər Momeni bildirib ki, Şəhid Rəcai limanında baş verən güclü partlayışa səbəb səhlənkarlıq olub. Bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Nazir qeyd edib ki, limanda “lazımi ehtiyat tədbirləri” görülməyib. Hadisənin səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb və istintaq prosesi davam etdirilir. Onun sözlərinə görə, "hadisədə əli olmaqda şübhəli bilinən bəzi şəxslər" artıq məhkəməyə çağırılıb.
Qeyd edək ki, partlayış şənbə günü Fars körfəzi sahilində, Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verib. Son məlumatlara əsasən, hadisə nəticəsində 1400-ə yaxın insan xəsarət alıb. Partlayışın dəqiq səbəbləri ilə bağlı isə hələlik rəsmi açıqlama verilməyib.
Hadisəyə beynəlxalq dəstək də göstərilib. Rusiya prezidenti Vladimir Putin Fövqəladə Hallar Nazirliyinin bir neçə təyyarəsinin İrana göndərilməsi barədə göstəriş verib. Rusiyanın Tehrandakı səfirliyinin məlumatına görə, iki Be-200ES və bir İL-76TD təyyarəsi İrana çatdırılıb. Rusiyalı xilasedicilər yerə endikdən sonra İranın xilasetmə xidmətləri ilə məsləhətləşmələr apararaq fəaliyyət planı hazırlayıb və yanğını söndürmə işlərinə başlayıblar.
TASS
Güllər Gülhüseynova