ABŞ-nin Saada şəhərinə zərbəsi - Yaxın Şərqdə nə baş verir?

Bölmə: Dünya › ,
Tarix: 21:32 28.04.2025

ABŞ Yəmənin Saada şəhərinə aviazərbələr endirib. Bu barədə Yəmənin "Al Masirah" telekanalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bombardmana Afrika ölkələrindən olan miqrantların saxlandığı cəzaçəkmə müəssisəsi məruz qalıb. İlkin məlumatlara əsasən, onlarla həlak olan və yaralı var.

 

Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü və siyasi şərhçi Əli Zülfüqaroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, hazırda ABŞ ilə İsrail arasında Yaxın Şərq siyasəti mövzusunda ciddi fikir ayrılıqları yaşanır:

 

"İsrail genişlənmə siyasətini davam etdirir və bölgədə müharibələrin davam etməsində maraqlıdır. Sionist lobbinin təsiri ilə İsrail, ABŞ-ni da bu istiqamətdə hərəkət etməyə məcbur etmək istəyir. Lakin ABŞ üçün hazırkı mərhələdə yeni müharibələrə qoşulmaq maraqlara uyğun deyil. Bu səbəbdən Vaşinqton həm İsraili razı salmağa, həm də birbaşa müharibələrdən yayınmağa çalışır.

 

Əsas problem İranın bölgədəki proksi qüvvələri ilə bağlıdır. Suriyada artıq bu məsələ böyük ölçüdə öz həllini tapıb — İranın aktiv silahlı birləşmələri demək olar ki, təsirsiz vəziyyətə salınıb. Livanda isə Hizbullahın təsir imkanları ciddi şəkildə azaldılıb və təşkilat əvvəlki qədər aktiv deyil.

 

Hazırda yeganə ciddi təhlükə husilərlə bağlıdır. Husilər mütəmadi olaraq İsrailə raket və dron hücumları təşkil edirlər. Yəmənin coğrafi mövqeyi isə husilərə qarşı effektiv mübarizəni xeyli çətinləşdirir. Ona görə də düşünürəm ki, ABŞ-nin husilərə qarşı zərbələr endirməsi, əslində İsraillə mövcud fikir ayrılıqlarını yumşaltmaq məqsədi daşıyır. ABŞ, sionist lobbinin təzyiqlərini azaltmaq və dəstəyi qorumaq üçün müəyyən addımlar atmağa məcbur qalır".

 

Siyasi şərhçi əlavə edib ki, İsraili ABŞ kütləvi şəkildə silahlandırsa da, İsrailin Yaxın Şərqdə eskalasiya yaratmaq planları ABŞ-nin maraqları ilə uzlaşmır:

 

"Bu baxımdan düşünürəm ki, Yaxın Şərqdə yalnız husilərə qarşı edilən hücumlarla vəziyyəti köklü şəkildə dəyişmək mümkün deyil. Mütəmadi olaraq bu cür hücumlar həyata keçirilir və bölgədə hər an qarşıdurma riski qalmaqdadır.

 

Müxtəlif geosiyasi aktorlar Yaxın Şərqdə fəal şəkildə mövqe qazanmağa çalışır və burada ciddi maraq toqquşmaları yaşanır. Lakin hesab edirəm ki, Yaxın Şərqdə sabitliyin təmin olunması üçün İsraildə siyasi dəyişikliyin baş verməsi vacibdir. Əgər sionist ideologiyanı təmsil edən qüvvələr hakimiyyətdən uzaqlaşdırılarsa və İsrailin xarici siyasəti dini fanatizmə deyil, real və praqmatik siyasətə əsaslanarsa, yəni İsrail genişlənmə siyasətindən imtina edər və Fələstinlə iki dövlətli həll planına razılaşarsa, o zaman Yaxın Şərqdəki problemlərin böyük hissəsi öz həllini tapa bilər".

 

Aytən Ağazadə