Pezeşkianın Bakı səfəri: İran-Azərbaycan əməkdaşlığında yeni dövr

Tarix: 21:40 28.04.2025
İran prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edib. Səfərin məqsədi ikitərəfli əməkdaşlığı və dostluq əlaqələrini gücləndirməkdir.
İran regional gərginliyi azaltmaqla Culfa-Naxçıvan dəmir yolunu yenidən canlandıra və Bakı ilə İrəvan arasında etimadın yaranmasına kömək edə bilər.
Mövzu ilə bağlı Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan "Informator.az"a açıqlamasında bildirib ki, Məsud Pezeşkianın Bakıya səfəri heç bir halda qeyri-adi və ya fövqəladə bir hadisə kimi qiymətləndirilə bilməz:
"Bu səfər, Tehran hakimiyyətinin Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirmək və etimad qazanmaq istiqamətində atdığı addımların bir hissəsidir. Bu cəhdlər ötən ilin mayında həlak olmuş prezident İbrahim Rəisinin dövründə də mövcud idi və onun siyasətinin davamıdır.
Tehran hakimiyyətinin regionda nüfuzunun dəyişməsinə ciddi təsir göstərməsi gözlənilmir. İran bölgədəki nüfuzunu artırmaq üçün ilk növbədə regional dövlətlərin, xüsusən də Azərbaycanın maraqlarını nəzərə almalıdır. Zəngəzur yolunun açılmasına siyasi dəstək vermək, İranın bu regionda nüfuzunu artırmaq istəyinin göstəricisi ola bilər.
Məsud Pezeşkianın Azərbaycan televiziyasına verdiyi müsahibədən bəlli oldu ki, Tehran hakimiyyəti Araz yolunun açılmasına üstünlük verir və bu istiqamətdə işlərin sürətləndirilməsinə çalışır. Pezeşkianın sözlərinə əsasən, Tehran hakimiyyəti Zəngəzur yolunu özünün "qırmızı xətti" adlandırır. Bu, Tehran üçün yalnız bir nəqliyyat məsələsidir və Azərbaycanın maraqlarını nəzərə almadığı müddətcə, regiondakı güc balansını dəyişdirməyə çalışmaq sadəlövhlük olardı.
Culfa-Naxçıvan yolu dedikdə, Cənubi Azərbaycanın Culfa şəhəri nəzərdə tutulur. Naxçıvanla Culfa arasında dəmir yolu xəttinin açılması regiondakı güc balansını dəyişdirməyəcək, sadəcə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafını təmin edəcəkdir. Sovet dövründə Tehran-Bakı-Moskva qatarı fəaliyyət göstərirdi və bu qatar Naxçıvanın Culfa şəhərindən Cənubi Azərbaycanın Culfa şəhərinə hərəkət edərək oradan Tehrana doğru yol alırdı. Bu, sadəcə, keçmiş əməkdaşlığın bərpasıdır və regiondakı güc balansını dəyişdirmək ehtimalı yoxdur".
Siyasi şərhçi əlavə edib ki, İran hakimiyyətinin Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasına bir neçə dəfə cəhd etdiyi məlumdur:
"1990-cı illərdə İranın vasitəçiliyi ilə əlaqədar olaraq Laçın və Şuşa şəhərləri işğala məruz qalıb. Sonrakı dövrlərdə isə İran, Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlamasına dəstək verib. Buna görə də, İranın yenidən vasitəçilik missiyasına etibar etmək və ya bu missiyanı irəli sürmək düzgün yanaşma olmazdı.
Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşdırılması üçün artıq vasitəçiyə ehtiyac yoxdur. Bunu həm rəsmi Bakı, həm də rəsmi İrəvan açıq şəkildə bəyan edib. İkitərəfli vasitəçi iştirakı olmadan görüşlər artıq baş tutur və davam edir".
Aytən Ağazadə