Zelenski “ən qaynar” döyüşlərin getdiyi yerləri açıqlayıb

Tarix: 21:48 28.04.2025
Ukrayna Prezidenti Volodimir Zelenski “ən qaynar” döyüşlərin getdiyi ərazilərin adını çəkib. “Döyüşlərin ən qızğın yerləri Pokrovsk, Kramatorsk, Limansk və Kursk istiqamətlərindədir”, - Zelenski qeyd edib.
Məsələ ilə bağlı politoloq “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna cəbhəsində döyüşlər hələ də davam edir:
“Rusların bildirdiyinə görə, onlar artıq Kurskun böyük hissəsini geri alıblar. Ruslar Pokrovskun mühasirəsi istiqamətində əməliyyatları davam etdirirlər. Qeyd edim ki, Pokrovskda döyüşlər artıq yarım ildir davam edir. Ruslar üçün bu ərazini ələ keçirmək strateji hədəfdir. Çünki Pokrovsk Donbassda Ukraynalılar üçün logistik əhəmiyyətə malikdir. Pokrovskun tutulması bütün Donbassın ələ keçirilməsinə yol aça bilər. Rusların hazırda atəşkəs imzalamaq niyyəti yoxdur. Sadəcə vaxtı uzadırlar.
Bəs vəziyyətin ağırlaşması sülh danışıqlarına necə təsir edəcək? Sülh danışıqlarından söhbət gedə bilməz. Sülhün bağlanması hazırda mümkünsüzdür. Tərəflər arasında böyük mövqe fərqləri var. Rusiyanın Ukraynada təşəbbüsü ələ alması davamlı sülhə gətirməyəcək. Çünki burada Rusiya tərəfi işğalçı tərəfdir. Bu münaqişədə Qərbin dəstəyi də kifayət etmir. ABŞ da artıq əvvəlki kimi dəstək göstərmir, hərbi silahlar göndərmir. ABŞ-nin köməyi olmadan Ukraynanın cəbhədə tab gətirməsi daha çətindir".
Çimnaz Telmanqızı