Gedənlər niyə gedir?-Sosioloq gənclərin miqrasiyasına ayna tutur

Tarix: 11:50 29.04.2025
Son illərdə miqrasiya, xüsusilə də gənclərin xaricə axını, Azərbaycan cəmiyyətində geniş müzakirə olunan aktual mövzulardan birinə çevrilib. Təhsil, daha yaxşı iş imkanları, həyat şəraitinin yüksəldilməsi və fərdi inkişaf kimi səbəblər gəncləri doğma vətənlərini tərk edib xarici ölkələrə üz tutmağa sövq edir. Mövzu ilə bağlı sosioloq Yusif Nəbiyev "İnformator.az"ın suallarını cavablandırıb.
-Salam, Yusif bəy. Bu gün gənclərin xaricə miqrasiyasının əsas səbəbləri nələrdir?
-Gənclərin xaricə miqrasiyasının səbəbləri çoxdur, amma əsas motivlərə iqtisadi imkanların azlığı, sosial ədalətsizlik və gələcək perspektivin zəif görünməsi daxildir. Rasional insanlar həyatlarında maksimum fayda əldə etmək üçün rasional qərarlar verməyə çalışırlar. Yəni gənc bir insan düşünür ki, burada aylarla iş axtaracağıma, minimala yaxın əməkhaqqı alacağıma, gedib vaxtımı və enerjimi daha sərfəli bazarlara çıxararam. Yəni bu tendensiya başa düşüləndir, burada təəccüblü bir şey yoxdur. Sadəcə olaraq vəziyyəti görüb, qəbul edib, ciddiyyətini anlayıb, daha sonra uyğun addımlar atmaq lazımdır.
-Gənclərin ölkədən getməsi cəmiyyətimizə hansı təsirləri göstərir?
-Gənclərin ölkədən getməsi cəmiyyətə bir neçə cəhətdən təsir edir: birincisi, "beyin axını" nəticəsində cəmiyyətin innovasiya və modernləşmə potensialı azalır. İkincisi, sosial təbəqələşmə artır: xaricə gedə bilənlər və gedə bilməyənlər arasında yeni bir sosial uçurum yaranır. Gedə bilənlər gedirlər, amma onların qohumları, dostları ölkədə qalır. Yəni gedənlər cəmiyyətdən qopmurlar. Onlar xəyali bir cəmiyyət üzvü kimi daima geridə qalanlara həyatlarının necə pis olduğunu xatırladan bir cəmiyyət üzvü kimi öz funksiyalarını yerinə yetirirlər. Nəticədə isə Durkheim-in "anomiya" adlandırdığı normsuzluq, sistemdən ümidini üzmüşlük, sosial soyuma halı yaranır. Bu dərəcədə fərqli yaşam şərtləri cəmiyyətin bütövlüyünü zəiflədir.
-Xaricə gedən gənclərin ölkəyə geri dönməsi üçün hansı tədbirlər vacibdir?
-Gənclərin geri dönməsi və ya ümumiyyətlə getməməsi üçün təşviqedici tədbirlər görülməlidir və bunlar sadəcə şirin vədlər səviyyəsində olmamalıdır. Real dəyişiklik lazımdır. Keyfiyyətli iş yerləri, açıq və şəffaf karyera imkanları, xüsusən, sahibkarlıq üçün konkret və real dəstək proqramları və ən əsası - təhlükəsiz, konstruktiv bir sosial mühit təmin edilməlidir. İnsanın yalnız maddi deyil, eyni zamanda sosial dəyəri də tanınmalıdır. Əgər bir gənc düşünürsə ki, burada onun bilik və bacarığı ciddiyə alınmayacaq, o halda o niyə geri dönsün? Sırf nostalgiya ilə yaşamaq olmur axı.
-Sizcə, gənclər daha çox hansı ölkələri seçir və niyə?
-Gənclərin seçdiyi ölkələrə fikir verin, ABŞ, Kanada, Almaniya, Niderland, Avstraliya kimi yerlərə gedirlər. Çünki bu ölkələr onlara sadəcə daha çox pul qazanmaq yox, həm də "insan kimi yaşamaq" fürsəti təklif edir. Yəni gedənlər heç də düşünüldüyü kimi orada kef çəkmək, BMW sürmək üçün getmir, bəzən sadəcə fikirlərinə hörmətlə yanaşılan bir mühitdə nəfəs almaq istəyirlər.
-Miqrasiya gənclərin milli kimliyi və vətənpərvərlik hissinə necə təsir edir?
-Miqrasiya edənlərin milli kimlik və ya vətənpərvərlik hisslərinin olmadığını iddia etmək yanlış olar. Əslində xaricdə olanların öz ölkələrinə bağlılığı, adətən, sıravi insanlarla müqayisədə daha çox olur. Onlar daha romantik baxırlar öz ölkələrinə, vətənlərinə. Sadəcə uzun müddət xarici sistemlərin effektivliyini gördükcə, onlarda "bizdə niyə belə olmur?" sualı yaranır və bəzi hallarda bu vətənə qarşı məyusluq və soyuma meydana gətirir. Acı da olsa, bu bir reallıqdır ki, bağlılıq hissi nə qədər böyük olsa da, insan öz dəyərini harada daha çox hiss edirsə, özünü zamanla daha çox o yerə bağlı hiss edir.
Səma İsmayılova