Melazma xəstəliyi nədir?

Tarix: 21:53 29.04.2025
Melazma üz dərisində tünd rəngli ləkələrin əmələ gəlməsi ilə xarakterizə olunan, dəridə olan piqment pozğunluğu xəstəliyidir.
Mövzu ilə bağlı dermatoveneroloq Tünzalə Əzizli “İnformator.az”a açıqlamasında bildirib ki, melazma xəstəliyinin yaranma səbəbləri müxtəlif ola bilər:
“Ümumiyyətlə, melazma xəstəliyi dəridə, xüsusən də üzdə, boyun və alın nahiyələrində tünd, simmetrik, sərhədsiz ləkələrin olmasıdır. Xəstəlik xroniki və təkrarlanan xəstəliklərdən sayılır, yəni birdəfəlik müalicə metodu yoxdur. Xəstəliyin əsas səbəbləri günəş şüalarıdır, günəş şüalarından düzgün şəkildə qorunmadıqda bu xəstəlik yaranır. Hormonal səbəblər ola bilər, xüsusilə hamiləlik dövründə yaranır və hamiləlik melazması adlanır”.
Müsahibin sözlərinə görə, genetik meyillilik olduqca önəmlidir:
“Dəri tipinə uyğun olmayan kosmetik vasitələrin istifadəsi zamanı, eyni zamanda stress fonunda tiroid hormonlarının disfunksiyası zamanı da melazma xəstəliyinə rast gəlinir. Əsas müalicə metodları dedikdə mütləq şəkildə düzgün qorunmaq lazımdır və dermatoloqlar vasitəsilə yerli olaraq hidroxlorid tərkibli ağardıcı kremlərin təyini məsləhət görülür. Müalicə zamanı kimyəvi pilinqlər, dermapen prosedurları edilə bilər, amma mütləq şəkildə dermatoloqlar vasitəsilə həyata keçirilməlidir, çünki düzgün qorunmadıqda, prosedurlardan sonra lazım olan təlimatlara düzgün edilmədikdə daha pis nəticələr verə bilər. Günümüzdə aparat prosedurlarından lazer prosedurları melazmalarda daha effektiv sayılır”.
Nərmin Həşimova