Zehni sağlamlıq və informasiya bolluğu-Beynimiz necə təsirlənir?

Bölmə: Sosial › ,
Tarix: 20:48 01.05.2025

Müasir dövrdə insan beyninə gündəlik minlərlə məlumat ötürülür - xəbərlər, sosial şəbəkə paylaşımları, bildirişlər və reklamlardan tutmuş şəxsi yazışmalara qədər. Bu informasiya bolluğu isə artıq insan psixologiyası və zehni sağlamlığı üçün təhlükəyə çevrilməkdədir.

 

Mövzu ilə bağlı psixoloq Aygün Cəfərova "İnformator.az"a açıqlamasında bildirib ki, həddindən artıq informasiya beynə gedəndə həmin informasiyaları düzgün analiz edə, nəticə çıxarda və onu davranışa da yönləndirmək olmur:

 

"Ümumiyyətlə, hansısa informasiyanın beynə ötürülməsi, orada analiz olunuraq qərar verilməsi və o qərardan yaranan duyğuların davranışa keçirilməsi hər bir insanda fərqli olur. Çünki hər bir insanın genetikası, böyüdüyü mühit, ailə, baxış açısı, düşüncə bucaqları, baxış prizmaları və s. fərqli olduğuna görə hər bir insanda bu nəticələr dəyişir. Amma belə ümumi götürsək, insan beyni həddindən artıq çox informasiyaya məruz qaldıqda, insan zəkası yorula bilir və yorulduqda emosional yanmaya gətirib çıxarır. Fərqli emosional psixoloji narahatçılıqlar yarana bilir. Bunun da müxtəlif mənfi cəhətləri vardır. Məsələn, diqqət dağınıqlığına gətirib çıxarda bilir, gərginliklərə səbəb olur, həddən artıq stres yaradır. İnsan emosional yanma sindromu yaşayır.


Həddindən artıq çox informasiya beynə gedəndə həmin informasiyaları düzgün analiz edə, nəticə çıxarda və onu davranışa da yönləndirmək olmur. Bu nöqtəyi nəzərdən sağlam qərar vermək üçün hər bir insan informasiya aldıqdan sonra fasilə verib, analiz edib, nəticə çıxardıb,qərar verməlidir.

İnformasiyanın bolluğu insanlarda fərqli düşüncələrə, durumlara gətirib çıxarır. Hər bir insan öz orqanizmini, qavrayışını, bədəni, psixologiyasını düzgün tanımalıdır ki, hansı durumlarda bu kimi narahatçılıqlar yaranır və narahatçılıqlar yarananda birinci mən nə etsəm mənim üçün, psixologiyam,diqqətim, yaddaşım üçün, faydalı ola bilər. Bu suallara insanlar özlərində cavab tapmalıdır ki, bu kimi hallarda özlərinə yardım edə bilsinlər. Buna ilkin yardımda demək olar. Qeyd etdiyim kimi əgər informasiya çoxluğundan bir insan yorulursa, orada artıq fəsilələrlə informasiya qəbul etməli və yaxud da bu sosial şəbəkələrdir, elektron əşyalardır, bunlara vaxt qoyulmalıdır. Müəyyən saat çərçivəsində sosial şəbəkələrdən istifadə edə bilər, özünə istirahət verə bilər, hər hansı informasiya qəbul etməyə də bilər. Bu konkret bir insana aid deyil. Hər bir insanda istirahət anlayışı və onun orqanizmasının, beyninin dincəlmə forması fərqli ola bilər. Ona görə də qeyd edirəm ki, insan özü özünü hər tərəfli tanımalıdır. Bundan sonra ona uyğun düzgün yön vermək olar. Amma ümumilikdə, beynin sağlamlığı üçün informasiyanın alınmasına arada fəsilə vermək lazımdır. Beyin dincəlməlidir, təmiz hava, sağlam qıdalanmaq, beyin rahatlaşdırıcı məşqlər, kitab oxumaq yəni, bunlar insan beynini sakitləşdirir, rahatlaşdırır. Sevdiyiniz məşğuliyyətlər olmalıdır, hobbilər olmalıdır ki, onlar insan ruhunu qidalandırır. O qidalandıran, insanı depolayan məşğuliyyətlərlə məşğul olanda insan beyni sakitləşir, rahatlaşır və alınan informasiyanı da daha düzgün analiz edib nəticə çıxartmaq olur".

 

Səmayə Səftərova