Yaş Fərqli Nikahlar-Sevgi, Maraqlar və Cəmiyyətin Qəbulu

Bölmə: Sosial › ,
Tarix: 22:05 11.07.2025

Azərbaycanda gənc qadınlarla yaşlı kişilər arasında bağlanan nikahların sayı artmaqdadır. Bu tendensiya cəmiyyətdə müxtəlif reaksiyalarla qarşılanır. Bəziləri bu evlilikləri qarşılıqlı maraq əsasında normal qəbul etsə də, digərləri sosial və psixoloji səbəblərlə əlaqələndirir.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Aydan Məmmədova bildirib ki, qeyd etdiyiniz kimi, son zamanlarda gənc qadınlar özlərindən yaşca çox böyük şəxslərlə münasibət qurmaq istəyirlər:

 

"Bunun ardında bir çox səbəb var. İlk olaraq deyə bilərik ki, gənc qadınların yaşlı kişilərlə nikaha girməsinin psixoloji və sosial səbəbləri var. Psixoloji: ata obrazının olmasıdır. Ata-qız arasındakı münasibət öz balansını qorumayıb. Bir sözlə, o, yaşadığı ata boşluğunu bu cür yaşlı kişilərlə ailə həyatı quraraq doldurur. Sosial tərəfdən baxdıqda isə yaşca böyük kişilər maddi olaraq artıq müəyyən səviyyədə olduqlarına görə, xanımlar maddi rahatlığını təmin etmək üçün ailə həyatı qururlar.

 

Həmin bəyi sevə bilərmi xanım? Bəli, sevə bilər. Amma nə qədər uzunmüddətli olar, bunu dəqiq qeyd edə bilmərik. Çünki arada olan yaş fərqinin çoxluğu onların şəxsi maraqlarının dəyişməsinə də gətirib çıxarır. Birmənalı şəkildə, cütlük hər bir ehtiyacı bərabər ödəyə bilmirsə, müəyyən zaman ərzində bu münasibət bitəcək. Həmçinin deyə bilərik ki, bu cür yaş fərqli münasibətlərin qadının şəxsi inkişafına fərqi yoxdur — yaş aralığı nə qədər olursa olsun, xanım əgər hədəfləri üçün addımlayan biridirsə, hər halda irəliləyəcək. Psixoloji rifahına isə təbii ki, təsir edəcək. İnsanlar fərqli olduğu üçün bunu hər zaman müşahidə etməyə də bilərik. Təbii ki, mənəvi, maddi, təhlükəsizlik və s. ehtiyaclar ödəndiyi halda psixoloji rifahına pozitiv təsir edəcək".

 

Eyni zamanda psixoloq bildirib ki, cəmiyyətin yanaşmasına gəldikdə isə, ümumiləşdirib hadisələrə rəy vermələri yanlışdır:

 

"İnsanlar fərqlidir və seçimlər də fərqlidir. Cəmiyyətin və ya yaxın ətrafın bu münasibətə, evliliyə qarşı çıxması, qınaması ilk zamanlarda təsir etməsə də, müəyyən müddət sonra düşündürəcək. Bu da münasibətlərdə konfliktlərə gətirib çıxara bilər.

 

Son olaraq qeyd etmək istəyirəm ki, verdiyimiz qərarlarda, seçimlərdə hər zaman özümüzə “Mən bunu nə üçün edirəm?” sualını verməyi bacarmalıyıq. “Mən bu addımı atsam, özümü necə hiss edəcəyəm?” Çünki bəzən hadisəyə fokuslanıb addım atırıq, amma görməzdən gəldiyimiz hər bir duyğu ən xoşbəxt hiss etdiyimiz anda belə öz təsirini göstərəcək".

 

Nigar Həsənzadə