Qarabağ Universitetində yeni fakültə

Bölmə: Sosial › ,
Tarix: 21:25 11.07.2025

Qarabağ Universitetində Tibb fakültəsinin yaradılması bölgədə ali təhsilin və səhiyyə sisteminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Yeni fakültə həm regionda yüksək ixtisaslı tibbi kadrların hazırlanmasına, həm də elmi-tədqiqat fəaliyyətlərinin genişlənməsinə şərait yaradacaq. Bu təşəbbüs Qarabağın təhsil mərkəzinə çevrilməsi istiqamətində atılan önəmli addımlardandır.


Bu mövzu ilə bağlı açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov "İnformator.az"a bildirib ki, şübhə yoxdur ki, bir bölgədə universitetin açılması, ixtisasın tədqiqat mərkəzinin qurulması bu bölgənin abu-havasına, elmi inkişafına, mədəni inkişafına böyük müsbət təsir göstərir:


Xüsusilə tibb fakültəsi, əlbəttə, tədqiqat anlayışının inkişaf etməyinə töhfə verəcək, oraya yüksək savadlı tələbələrin gəlməyinə səbəb olacaq, oranın mədəni və elmi abu-havasının yüksəlməsinə böyük töhfə verəcək.


Qarabağ Universitetinin qurulması onsuz da böyük bir dinamikadır, Həmin şəhərə dinamizm gətirdi. Bununla bərabər, həmin müəssisədə tibb fakültəsinin açılması və səhiyyə xidmətlərinin inkişaf olunması artıq bir məntiqi ardıcıllıq olacaq.


Bu proses, başlanmış işin məntiqi davamı olacaq. Tibb təhsilinin təşkili və elmi potensialının inkişafı üçün hansı imkanların nəzərdə tutulduğu isə artıq Qarabağ Universitetinin məsul şəxsləri tərəfindən daha yaxşı bilinir.


Amma artıq görünən odur ki, həmin universitetdə ən müasir, qabaqcıl addımlar atılacaq. Bu vaxta qədər edilənlər, artıq ediləcəklərin proqnozunu verməyə əsas verir.


Belə ki, həmin universitetdə artıq bu vaxtacan – təlim-tədris başlayandan bir il sonra – böyük addımlar atılıb. Həm infrastruktur dəyişiklikləri, həm də elmi baza dəyişib.


Ona görə də universitetdə tibb fakültəsinin açılması, düşünürəm ki, çox möhtəşəm nəticələr verəcək".


Xəlilli Nigar