"Alisa möcüzələr ölkəsində" sindromu nədir?

Tarix: 21:31 01.05.2025
Bəzən reallıq darıxdırıcı və sıxıcı göründükdə insan xəyallara sığınmaq istəyir. Hər şeyin fərqli, maraqlı və qeyri-adi olduğu bir aləm axtarışı başlayır. Elə bu anda zehin bizi başqa bir dünyaya aparır — möcüzələr ölkəsinə.
Mövzu ilə bağlı uzman psixiatr Azər Bağırov “İnformator.az”a açıqlamasında bildirib ki, şəxs bir anda bədəninin böyüdüyünü və ya kiçildiyini hiss edə bilər:
"Bu sindrom çox nadir rast gəlinən bir vəziyyətdir. Ümumiyyətlə, xəstəliklərin beynəlxalq təsnifatı və Amerika Psixiatriya Assosiasiyasının təsnifatında bu diaqnoz yer almır. O, "Tod sindromu" adı ilə də tanınır. Burada əsasən insanın ətrafını və öz bədənini qavramasında dəyişikliklər baş verir. Bu dəyişikliklər bütün hiss orqanlarında ola bilər, lakin ən çox görmənin qavranılmasında müşahidə olunur. Epizodlar qəfil başlayır və bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilər.
Şəxs bir anda bədəninin böyüdüyünü və ya kiçildiyini hiss edə bilər. Özünü liliput kimi kiçik və ya nəhəng kimi böyük qavrayar. Həmçinin ətrafdakı əşyaları olduğundan daha uzaqda, daha yaxın, daha kiçik və ya daha böyük şəkildə görə bilər.
Etiologiyasına gəldikdə, bu sindromun tək bir səbəbi yoxdur. Beyinlə əlaqəli bir çox faktor bu vəziyyətə səbəb ola bilər. Lakin ən çox miqren xəstəliyi ilə əlaqələndirilir. Miqreni olan insanların təxminən 10 faizində bu sindromun əlamətləri müşahidə edilir. Epizodlar təkrarlaya və xroniki bir gediş göstərə bilər".
Müsahibimizin sözlərinə görə, uşaqlarda bu sindroma daha çox rast gəlinir:
"Ən geniş yayılmış səbəblərdən biri Epstein-Barr virusudur. Bundan əlavə, digər virus infeksiyaları ilə də əlaqələndirilə bilər. Beynin görmə mərkəzi olan oksipital pay – yəni, ənsə nahiyəsində yerləşən sahə — bu sindromun əsas hədəf bölgələrindən biridir. Bu bölgədə baş verən travmalar, xırda qansızmalar və ya yaralanmalar da sindromun səbəbləri arasında göstərilir.
Diaqnoz üçün müxtəlif testlər aparılmalıdır. Xəstənin EEG-si, MRT-si çəkilməli, beyində travma, qan dövranı və elektrik aktivliyi ilə bağlı problemlər araşdırılmalıdır. Eyni zamanda virus və bakteriya mənşəli infeksiyalar da nəzərdən keçirilməlidir. Altda yatan səbəbə uyğun müalicə tətbiq olunur. Uşaqlarda adətən virusa və ya infeksiyaya qarşı antibiotik müalicəsi aparılır. Miqrendə isə onun müalicəsinə yönəlik dərmanlar təyin edilir. Əgər beyin bölgəsində qansızma varsa, bu zaman həmin bölgəyə yönəlik xüsusi müalicə tətbiq olunur.
Bu sindrom artıq çoxdan təsvir edilmiş və araşdırılmış bir hal olsa da, sərhədləri aydın olmadığı üçün müstəqil diaqnoz kimi qəbul edilmir. Psixiatriyada bu sindromun əlamətləri adətən disossiyativ pozuntular – yəni depersonalizasiya və derealizasiya simptomları çərçivəsində qiymətləndirilir. Bu, şəxsin özünə və ətrafına yadlaşması, bədən üzvlərini daha böyük və ya daha kiçik hiss etməsi, əşyaları fərqli ölçülərdə və məsafədə görməsi kimi əlamətlərlə müşayiət olunur. Hətta bəzən şəxs sanki bədənindən çıxıb özünü kənardan izləyirmiş kimi hiss edə bilər.
Bu əlamətlər "disossiyativ yaşantılar" adlanır və hazırda psixiatriyada disossiyativ pozuntu kateqoriyası altında sinifləndirilir. Bununla yanaşı, orqanik beyin zədələnmələri və viral mənşəli faktorlar da diqqətlə araşdırılmalıdır".
Səyyarə Mirzəyeva