GMO məhsullar haqqında doğru və yanlışlar

Bölmə: Sosial › ,
Tarix: 21:44 01.05.2025

 

Son illərdə GMO (genetik modifikasiya olunmuş orqanizmlər) məhsullar dünya miqyasında geniş müzakirə olunur. Bəziləri bu məhsulları kənd təsərrüfatında inqilab kimi görür, digərləri isə sağlamlıq üçün təhlükəli hesab edir. Azərbaycanda da GMO mövzusu getdikcə daha çox diqqət çəkir, lakin insanlar arasında bu məhsullar haqqında kifayət qədər düzgün məlumat yoxdur.

 

Mövzu ilə bağlı "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov “İnformator.az”a açıqlamasında bildirib ki, bu haqda araşdırmalar uzun illərdir davam edir:

 

“Genetik modifikasiya olunmuş orqanizmlər (GMO) haqqında fikir ayrılıqları uzun illərdir davam edir. Elmi cəhətdən isə məsələ belə qiymətləndirilir. Ən aparıcı beynəlxalq elmi təşkilatlar – o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Amerika Həkimlər Assosiasiyası, Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) və Milli Elmlər Akademiyası (ABŞ) – GMO-ların mövcud istifadə formalarının insan sağlamlığı üçün birbaşa təhlükəli olduğuna dair heç bir etibarlı sübutun olmadığını bildirirlər.

Bununla belə, GMO məhsulların istifadəsində bəzi dolayı risklər və mübahisəli aspektlər var: GMO məhsul yeni zülallar istehsal etdiyindən, bəzi insanlarda allergik reaksiyalar ola bilər, amma bu, istənilən yeni qida maddəsi üçün keçərlidir. GMO-ların kənd təsərrüfatında geniş tətbiqi torpaq bioloji müxtəlifliyinə və pestisid müqavimətinə təsir göstərə bilər. Bu, dolayı olaraq insan sağlamlığına təsir edə bilər. Bəzi insanlar GMO-lara daha çox etik və iqtisadi səbəblərlə qarşı çıxır. Məsələn, toxumların patentləşdirilməsi və böyük korporasiyaların kənd təsərrüfatında dominantlığı. Hazırda bazarda olan GMO məhsullar elmi cəhətdən təhlükəli sayılmır, lakin onların istifadəsi ilə bağlı ekoloji, etik və iqtisadi aspektlər daim müzakirə olunur və diqqətlə izlənilir”.

 

Ekspert qeyd edib ki, GMO məhsullar nadir hallarda yerli bazarda etiket ilə göstərilir: 

 

“Birbaşa GMO məhsullar (məsələn, GMO qarğıdalı və ya GMO soya) çox nadir hallarda yerli bazarda etiketlə göstərilir. Lakin GMO tərkibli xammallardan hazırlanmış, (məsələn, soya yağı, qarğıdalı nişastası, bəzi qənnadı məhsullar) emal olunmuş məhsullar (xüsusilə idxal olunmuş) bazarda mövcuddur. Bu məhsulların çoxunda GMO olub-olmaması etiketdə açıq göstərilmir, ya da "GMO yoxdur" (Non-GMO) kimi könüllü ifadələr olur, hansı ki bəzən real yox, sadəcə marketinq məqsədli ola bilər. İstehlakçı GMO məhsulu etiketə diqqət yetirməklə, "Genetik modifikasiya olunmuş" və ya "GMO yoxdur" ifadəsini axtarmaqla anlaya bilər.

 

GMO ehtimalı daha yüksək olan məhsullar bunlardır:

 

Soya və soya məhsulları (soya lecitini, soya yağı və s.)

 

Qarğıdalı və ondan alınan maddələr (nişasta, sirop və s.)

 

İdxal olunmuş kolbasa, qənnadı məhsulları, dondurulmuş məhsullar.

 

 

Azərbaycanda GMO məhsullar tamamilə qadağan olunmasa da, onların istifadəsi nəzarət altındadır və etiketləmə qanunla tələb olunur. Lakin bəzən istehlakçılar GMO tərkibli məhsulları etiketdə görmədən də xüsusilə idxal olunmuş emal məhsullarında qəbul edə bilirlər”.

 

 

 

Lalə Qurbanlı