2 May – Dahi dirijor Nazim Rzayevin əbədiyyətə qovuşduğu gündür

Bölmə: Sosial › ,
Tarix: 21:45 01.05.2025

Musiqi səmasının parlaq ulduzlarından biri olan Nazim Əsədulla oğlu Rzayev 2 may 2006-cı ildə, sənət dolu bir ömrün ardından, Eskişəhərdə əbədi səssizliyə qərq olub. Azərbaycanın musiqi mədəniyyətində dərin izlər buraxan böyük dirijor, Azərbaycan televiziyası və radiosunun kamera orkestrinin qurucusu və rəhbəri, xalq artisti, professor Nazim Rzayev həyatını sənətə, musiqiyə və gələcək nəsillərin yetişməsinə həsr edən sənətkarlardandır.

 

14 fevral 1925-ci ildə Bakıda anadan olan Nazim Rzayev, Moskva Dövlət Konservatoriyasında aldığı təhsillə peşəkar musiqi yoluna qədəm qoyan sənətkar kimi tanınıb. İfaçılıqdan dirijorluğa keçən Rzayev Azərbaycan musiqi mədəniyyətinə yeni nəfəs, yeni çalarlar gətirən sənətkar olub. Onun dirijorluq etdiyi səhnələrdə Bethovenin, Çaykovskinin, Fikrət Əmirovun və Qara Qarayevin ölməz əsərləri səslənən sənət abidələrinə çevrilib.

 

Nazim Rzayev təkcə dirijor yox, həm də pedaqoq kimi yüzlərlə tələbənin sənət yoluna işıq saçan müəllim olub. Azərbaycanın musiqi ruhunu xaricdə də tanıdan sənətkar, Türkiyədəki fəaliyyəti ilə iki xalq arasında mədəni körpü yaradan şəxsiyyətlərdən biridir.

 

Biz onu dərin ehtiramla yad edirik. Nazim Rzayevin melodiyaları zamanın səsinə qarışaraq sonsuzluqda yaşayan sənət irsi olaraq qalıb.

 

Nigar Həsənzadə