Şahzadə Harri BBC-yə açıqlayıb:-“Kral ailəsi ilə barışmaq istəyirəm“

Tarix: 22:24 02.05.2025
Şahzadə Harri BBC-yə verdiyi emosional müsahibəsində bildirib ki, “Kral ailəsi ilə barışmaq istərdim” və Böyük Britaniyada təhlükəsizliyi ilə bağlı hüquqi mübarizəni uduzduğuna görə “sarsıldığını” deyib.
Sasseks hersoqu qeyd edib ki, Kral III Çarlz onunla “təhlükəsizlik məsələlərinə görə danışmır”, lakin artıq mübarizə aparmaq istəmədiyini və “atamın nə qədər ömrü qaldığını bilmədiyini” söyləyib.
Şahzadə bu fikirləri Kaliforniyada, təhlükəsizliklə bağlı apellyasiya şikayətini uduzduqdan sonra BBC News-a müsahibəsi zamanı bildirib. O və ailəsinin Birləşmiş Krallıqda hansı səviyyədə təhlükəsizliklə təmin olunmalı olduğu məsələsində məhkəmə onun iddiasını rədd edib.
Bukingem Sarayı məsələ ilə bağlı açıqlamasında bildirib: “Bütün bu məsələlər dəfələrlə və diqqətlə məhkəmələr tərəfindən araşdırılıb və hər dəfə eyni nəticəyə gəlinib".
Cümə günü verilən məhkəmə qərarından sonra Şahzadə Harri deyib: “Hazırkı şəraitdə həyat yoldaşımı və uşaqlarımı Böyük Britaniyaya gətirəcəyim bir dünya görmürəm".
O əlavə edib ki, “ailə üzvlərimlə aramızda çoxlu fikir ayrılıqları olub”, lakin artıq onlara “bağışladığını” deyib.
“İstərdim ki, ailəmlə barışım. Artıq mübarizəni davam etdirməyin mənası yoxdur, həyat qiymətlidir,” – deyə Şahzadə Harri vurğulayıb. O, təhlükəsizlik məsələsinin “həmişə əsas problem nöqtəsi” olduğunu da qeyd edib.
Şahzadə Harri 2020-ci ildə rəsmi krallıq öhdəliklərindən geri çəkildikdən və ABŞ-a köçdükdən sonra təhlükəsizlik tədbirlərində edilən dəyişiklikləri ləğv etdirmək istəyirdi.
O, bu müddət ərzində özünü “aldadılmış” hiss etdiyini və məhkəmə qərarını “köhnə üsulla planlaşdırılmış bir oyun” adlandıraraq, Kral ailəsini təhlükəsizlik tədbirlərinin azaldılmasında təsirli olmaqda ittiham edib.
Təhlükəsizlik mübahisəsində Kraldan müdaxilə etməsini istəyib-istəmədiyi barədə suala cavab olaraq Şahzadə Harri deyib: “Mən ondan müdaxilə etməsini yox, kənara çəkilməsini və mütəxəssislərin işlərini görməsinə icazə verməsini istədim".
O, təhlükəsizlik qərarının qəbul olunma prosesi zamanı yaşananların “onun ən pis qorxularını doğrultduğunu” bildirib.
Qərarla bağlı deyib: “Mən sarsıldım – sadəcə məğlubiyyətdən yox, bu qərarı normal hesab edən insanlardan sarsıldım. Bu onlar üçün bir qələbə sayılırmı?”
Əlavə edib: “Əminəm ki, orada mənə zərər vermək istəyən insanlar var və yəqin ki, onlar bu qərarı böyük bir qələbə hesab edirlər".
Şahzadə Harri təhlükəsizliyin avtomatik təmin olunmaması qərarının onu “hər gün təsirləndirdiyini” bildirib və hazırda yalnız kral ailəsi tərəfindən dəvət ediləcəyi halda Böyük Britaniyaya təhlükəsiz şəkildə qayıda biləcəyini qeyd edib.
O deyib ki, təhlükəsizlik statusundakı dəyişikliklər yalnız onu yox, həmçinin həyat yoldaşını və sonradan uşaqlarını da əhatə edib.
“2020-ci ildə hamı bizim təhlükə altında olduğumuzu bilirdi və düşünürdülər ki, bu riski bildiyim halda geri dönməyə məcbur qalacağam. Amma bu alınmayanda, bizi qorumaq istəmirsinizmi?” – deyə sual edib.
“İstər hökumət, istər Kral ailəsi, istərsə də atam – bütün fərqlərimizə baxmayaraq, sadəcə bizim təhlükəsizliyimizi təmin etmək istəmirsinizmi?” – deyə əlavə edib.
Böyük Britaniyanı darıxıb-darixmadığı ilə bağlı suala cavab olaraq Şahzadə Harri bildirib: “Mən ölkəmi sevirəm, həmişə sevmişəm, bəzi insanların etdiklərinə baxmayaraq... Və düşünürəm ki, uşaqlarıma vətənimi göstərə bilməməyim olduqca kədərlidir".
Şahzadə bildirib ki, hüquqi mübarizəni davam etdirmək niyyətində deyil və cümə günü verilmiş qərarın “bu məsələnin məhkəmə yolu ilə həllinin mümkün olmadığını sübut etdiyini” deyib.
“Kaş əvvəldən biri mənə bunu desəydi,” – deyə təəssüflə əlavə edib və qərarın onun üçün “sürpriz” olduğunu bildirib.
“Məsələnin mahiyyəti bir ailədaxili münaqişədir və bu gün burada oturub, beş il əvvəl verilmiş bir qərarın bizi hara gətirdiyini görmək həqiqətən çox üzücüdür".
Şahzadə Harri bu açıqlamaları Böyük Britaniya hökumətinə qarşı sonuncu hüquqi məğlubiyyətindən sonra verib. O, ailəsi ilə birlikdə səfər etdiyi zaman təhlükəsizlik təminatı ilə bağlı iddia irəli sürmüşdü.
Apellyasiya məhkəməsi şahzadənin iddiasını rədd edib. İddia, onun təhlükəsizlik hüququnun necə ləğv edildiyi və bu qərarın rəsmi komitə tərəfindən verilmə prosesi ilə bağlı idi.
Məhkəmə cümə günü bildirib ki, Şahzadə Harri və ailəsinin təhlükə altında olması ilə bağlı “güclü arqumentlər” irəli sürsə də, bu “narahatlığın hüquqi əsas kimi qəbul olunmadığını” vurğulayıb.
Onun şikayəti, Böyük Britaniya Daxili İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən və yüksək rütbəli şəxslərin təhlükəsizliyinə cavabdeh olan “Kraliyyət və İctimai Şəxslərin Mühafizəsi Komitəsi”nin (Ravec) fəaliyyətinə yönəlib. Həmin komitəyə o zaman ser Riçard Mottram sədrlik edirdi.
Prins Harri bildirir ki, Ravec-in qaydalarına əsasən onun işi Risklərin İdarəedilməsi Şurasında (RMB) müzakirə edilməli idi. Lakin bu baş verməyib.
Hakimlər qeyd edib ki, 2020-ci ildə komitənin verdiyi qərar siyasətdən müəyyən qədər uzaq olub, lakin bu fərqlənmə Şahzadənin mürəkkəb vəziyyəti səbəbilə “məntiqli” hesab edilib.
Harri bildirib ki, Ravec komitəsində Kral ailəsini təmsil edən bir şəxsin iştirak etdiyini öyrənəndə “çənəsi yerə düşüb” və bu qərarın hüquqi deyil, kral ailəsinin təsiri ilə verildiyini iddia edib.
O deyib ki, 2020-ci il qərarında kral ailəsinin “müdaxiləsi” olub və bu müdaxilə nəticəsində bir gecədə təhlükə səviyyəsi ən yüksək olan şahzadə “ən az təhlükə altında olan” statusuna endirilib.
“Bunun necə mümkün olduğunu və o vaxt bu addımın arxasında hansı motivlərin dayandığını soruşmamaq mümkün deyil,” – deyə qeyd edib.
Şahzadə Harri Birləşmiş Krallığın Baş naziri Kir Starmer və daxili işlər naziri Yvette Cooper-ə müraciət edərək, təhlükəsizlik məsələsinə yenidən baxılmasını və Ravec komitəsinin fəaliyyət qaydalarının dəyişdirilməsini tələb edib.
Mənbə: BBC
Türkan Kərimli