ABŞ oyundan çıxmır, oyunu dəyişir

Tarix: 23:10 02.05.2025
ABŞ, Rusiya-Ukrayna danışıqlarında vasitəçilik etməyəcəyini açıqlayıb. Avropa Komissiyasının sözçüsü Ənvər əl-Anuni bildirib ki, bu mərhələdə məsələni təhlil etməyəcəklər və onların əsas məqsədi Ukraynanın danışıqlarda güclü mövqedə olmasını təmin etməkdir.
Mövzu ilə bağlı Azərbaycan ictimai fəalı və siyasətçisi Tənzilə Rüstəmxanlı “İnformator.az”a açıqlamasında bildirib ki, bu, tərəfləri sülhə məcbur etmək üçün “real vəziyyətlə” üz-üzə qoymağa bənzəyir:
“Öncəlliklə onu bildirim ki, ABŞ-nin Rusiya-Ukrayna danışıqlarında vasitəçilik etməyəcəyini bəyan etməsi oyundan çıxmaqdan daha çox, tərəfləri sülhə məcbur etmək üçün “real vəziyyətlə” üz-üzə qoymaq gedişinə bənzəyir. Vaşinqton nəyin bahasına olursa olsun tərəfləri fakt qarşısında qoyub bölgədə müharibəni dayandırmaq istəyir. Burda Trampın seçkiöncəsi vədi ilə yanaşı, Ukrayna ilə “resurs anlaşması”nı imzalayan ABŞ-nin praktiki müstəvidə qazanc əldə etməsi də faktoru da mühüm rol oynayır. Müharibənin davam etməsi Ukraynanın ABŞ-nin hərbi yardımı olmadan - Avropanın alternativ dəstəyi təmin edə bilməməsi, Rusiyaya qarşı müqavimət imkanlarını sual altına salır. Vaşinqtonun vasitəçilikdən imtinası tərəflərə bu reallığı praktiki olaraq nümayiş etdirmək məqsədi daşıyır. Eyni zamanda Ukrayna da danışıqlar masasında qəbul etmədiyi tələblərə görə ABŞ-nin vasitəçilikdən imtina etməsində - prosesin dayanmasında maraqlıdır. Bu arada Kremlin 9 May paradında ABŞ-nin yüksək səviyyədə iştirak edə biləcəyi bəyanatını da diqqətdən qaçırmaq lazım deyil. Proseslər Ağ Evlə Kremlin Ukrayna əleyhinə yaxınlaşması kimi davam edərsə Rusiya və Ukraynanın qarşılıqlı hücumları şiddətlənəcək. Çox güman ki, Vaşinqton da belə böhranlı anda “xilaskar” kimi yenidən səhnəyə qayıdaraq özünün sülh planını qəbul etdirməyi hədəfləyir”.
Ekspert qeyd edib ki, AB müharibədə Moskvaya qarşı hərbi və siyasi müqavimət göstərə bilməz:
“Avropa Birliyi Donald Tramp administrasiyasının Ukrayna ilə sülh danışıqlarından imtina etdiyi və Moskva ilə münasibətləri bərpa edəcəyi halda, Rusiyaya qarşı iqtisadi sanksiyaları bir qədər də sərtləşdirməkdən başqa nəyəsə imkanlı görünmür. Çünki Avropa İttifaqı müharibədə Moskvaya qarşı hərbi, siyasi müqavimət göstərməyə qadir deyil. ABŞ Avropanı belə bir reallıqla üz üzə qoyub. Nətucə budur ki, böyük güclər aralarında razılığa gələ bilmədiklərindən Ukraynada müharibə davam edir, insanlar ölür, şəhərlər xaraba qalır.
Ukrayna üçün təkcə bu müharibəni bitirmək deyil, ondan sonra gələcək ədalətli sülhə nail olmaq vacibdir. Amma bu da acı bir gerçəklikdir ki, Ukrayna hazırda çox çətin vəziyyətdə olduğu üçün ABŞ-nin və digər ölkələrin təzyiqləri qarşısında müəyyən məcburi addımlar atmaq zərurətindədir. Rəsmi Kiyevin tam ürəyincə olmasa da ABŞ ilə yerin təki sazişi Ukraynanı indi qorumağa və gələcəkdə dünyanın ən böyük iqtisadiyyatı ilə uzunmüddətli tərəfdaşlıq yaratmağa kömək edəcək. Ukrayna məhz bu anlaşmanı Amerikanın şərtləri ilə və onun təzyiqi altında imzaladı. Yəni Ukraynanın düşündüyü formada bu proses gerçəkləşmədi. Bütün hallarda Ukrayna hesab edir ki, Amerika Birləşmiş Ştatları prosesdə iştirak edərsə, ən azı dolayı yolla təhlükəsizlik zəmanəti almış olar. Təəssüflər olsun ki, hazırda Ukrayna üçün alternativ uğur düsturu görünmür”.
Lalə Qurbanlı