Azərbaycanda distant təhsil üçün yeni dövlət standartı qəbul edilib

Tarix: 23:21 02.05.2025
Distant təhsil — texnologiyanın inkişafı ilə yaranan və zaman-məkan məhdudiyyətlərini aradan qaldıran müasir təhsil formasıdır. Bu model vasitəsilə tələbələr fiziki olaraq təhsil müəssisəsində iştirak etmədən, internet üzərindən dərslərə qoşula, materiallara çıxış əldə edə və müəllimlərlə əlaqə saxlaya bilirlər.
Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu “İnformator.az”a açıqlamsında bildirib ki, Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) beynəlxalq standart əsasında AZS ISO 29994:2025 “Təhsil və təlim xidmətləri: Distant təhsilə dair tələblər” yeni dövlət standartı qəbul edib:
“Bu, Azərbaycanın təhsil sistemində distant təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm bir addımdır. Mahiyyəti odur ki, distant təhsil xidmətlərinin keyfiyyət və əlçatanlığını artacaq, təhsil müəssisələrinin daha effektiv və şəffaf şəkildə fəaliyyət göstərməsinə şərait yaradılacaq. Beləcə, distant təhsil xidmətlərinin layihələndirilməsi, göstərilməsi, monitorinqi və qiymətləndirilməsi proseslərini ehtiva etməklə, bu sahədə beynəlxalq tələblərə uyğunluğu təmin ediləcək.
AZS ISO 29994:2025 standartının qəbul edilməsi, həm milli təhsil müəssisələri, həm də beynəlxalq əməkdaşlıqlar üçün bir çox əsas üstünlükləri təmin edir. Yəni distant təhsil xidmətlərinin keyfiyyətini və etibarlılığını təmin ediləcək, tələbələrin və digər maraqlı tərəflərin, məsələn işəgötürənlərin etimadı güclənəcək.
AZS ISO 29994:2025 standartı distant tədris proqramlarının planlaşdırılması və dizaynını, rəqəmsal platformaların istifadəsi və texniki dəstəyin təşkilini, tədrisçilərin və təlimçilərin keyfiyyət göstəricilərini, iştirakçıların öyrənmə nəticələrinin qiymətləndirilməsini, təlimin nəticələrinin monitorinqi və davamlı təkmilləşdirilməsini əhatə edir.
Bu standart ali və orta ixtisas təhsili müəssisələrini, özəl təlim və kurs mərkəzlərini, onlayn təhsil platformaları, korporativ təlim təşkilatçılarını əhatə edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda distant təhsil forması göstərilir, lakin icra mexanizmi yoxdur. Bu standart icra mexanizminin yaradılmasına əsas verəcək. Ölkəmizdə və xaricdə distant təhsilin tanınması istiqamətində real işlər görüləcək”.
Əminə Əliyeva
Azərbaycan və Nepal Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Nepal Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib