“Böyük Sıçrayış”, yoxsa böyük qıtlıq?
.jpg)
Tarix: 23:22 02.05.2025
Dünyanın müxtəlif coğrafiyalarında formalaşmış mətbəxlər yalnız qida tələbatını ödəmək üçün deyil, həm də bir xalqın tarixi və mədəniyyətini əks etdirir. Bir ölkədə təbii və adi sayılan bir qida, digər bir ölkədə qeyri-adi və hətta qəbuledilməz görünə bilər.
Dünyanın ən zəngin və fərqli mətbəxlərindən biri də Çin mətbəxidir. Əslində, bu mətbəxin arxasında faciəvi tarixi hadisələr dayanır.
1949-cu ildə Çində kommunist Mao Zedong hakimiyyətə gəlir və Çin Xalq Respublikasını yaradır. Həmin dövrdə Çin sənaye ölkələrindən olduqca geridə idi. Buna görə də “Böyük Sıçrayış” proqramı başladılır. Ancaq qısa müddət sonra bu böyük sıçrayış, böyük qıtlıqla nəticələndi.
Proqrama əsasən, Çin polad istehsalında İngiltərəni keçməli idi. Minlərlə fermer kənd təsərrüfatından uzaqlaşdırılaraq dəmir istehsalına cəlb edildi. İnsanlar gecə-gündüz işləməyə məcbur edilirdilər. Kəndlilərə evdə ərzaq saxlamaq qadağan idi. Yeməkxana şəbəkələri quruldu və hər işçi üçün gündə cəmi 250 qram yemək təyin olundu. Mao xalqı dayanmadan işlədərək onların ölümünə səbəb olurdu. Təsərrüfatçıların belə polad istehsalına cəlb olunması, aqrar ölkə olan Çində kənd təsərrüfatını iflasa uğratdı.
1959-cu ildə Xuanxe çayı daşdı və nəticədə 2 milyon insan həyatını itirdi. Daşqından sonra başlayan quraqlıq isə taxıl sahələrini yandırdı. Bu zaman Mao və ətrafındakılar mərhəmətsiz bir qərar verdilər: “Taxıla zərər verdikləri üçün bütün sərçələr məhv edilsin".
Bütün Çin xalqına sərçələri öldürmək əmri verildi. Hətta daha çox sərçə öldürənlər mükafatlandırılırdı. Qısa müddət ərzində milyonlarla sərçə öldürüldü və bu, bayram kimi qeyd edildi. Lakin bu, Çin xalqının başına gələn ən böyük fəlakətlərdən birinə çevrildi. Sərçələrin yoxluğu nəticəsində tarlalara siçanlar, çəyirtkələr və digər həşəratlar hücum etməyə başladı. Məhsullar sürətlə məhv oldu. Çin SSRİ-dən milyonlarla sərçə gətirsə də, artıq gec idi. Kənd təsərrüfatı tamamilə çökdü.
SSRİ-dən milyonlarla ton ərzaq məhsulu gətirilsə də, bu yardımlar əsasən şəhər əhalisi üçün nəzərdə tutulurdu. Ucqar kəndlərdə yaşayan insanlar isə ölümə tərk edilirdi. Aclıqdan əziyyət çəkən insanlar əvvəlcə ətrafdakı heyvanları yeməyə başladılar. Onlar qarşılarına çıxan istənilən heyvanı tutub elə yerindəcə yeyirdilər ki, başqaları onların yeməyinə göz dikməsin.
Heyvanlar tükəndikdən sonra kəndlilər ağac, yosun, hətta palçıq yeməyə başladılar. Bu isə dəhşətin yalnız başlanğıcı idi. Hər şey tükəndikdən sonra insanlar bir-birlərini yeməyə başladılar.
Çin xalqı bu dövrü belə xatırlayır: “Mao bizim yalnız ailələrimizi deyil, insanlığımızı da aldı".
Fatimə Şahverdiyeva
Azərbaycan və Nepal Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Nepal Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib