Azərbaycan və Nepal Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib

Tarix: 11:14 03.05.2025
30 aprel - 2 may 2025-ci il tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə Azərbaycan Respublikasının hökumət missiyası Nepalda səfərdə olub.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər zamanı xarici işlər nazirinin müavini Elnur Məmmədov Nepal Prezidenti Ramçandra Paudel, həmçinin Baş nazir Şarma Oli qəbul edib.
Nazir müavini Elnur Məmmədovun Nepalın xarici işlər naziri Arzu Rana Deuba ilə də ikitərəfli görüşü keçirilib.
Görüşlərdə Nepal tərəfi Azərbaycan hökumət missiyasını yüksək qiymətləndirib və hər iki tərəf üçün maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Nepal Xarici İşlər Nazirliyi arasında ilk siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Nepal xarici işlər katibi Amrit Bahadur Rai rəhbərlik ediblər.
Siyasi məsləhətləşmələr zamanı ikitərəfli və çoxtərəfli siyasi əlaqələrin inkişaf etdirilməsi, iqtisadi-ticarət, enerji, turizm, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.
İki ölkə arasında beynəlxalq təşkilatlarda əməkdaşlıq müsbət dəyərləndirilib, çoxtərəfli formatlarda qarşılıqlı dəstək fəaliyyətinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Hökumət missiyasının üzvləri olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə Nepalın müvafiq dövlət qurumları arasında dəyirmi masa ətrafında görüş keçirilib və əməkdaşlıq imkanları müzakirə edilib. Nepal İnvestisiya İdarəsində baş tutan dəyirmi masada Azərbaycan dövlət qurumlarının nümayəndələri geniş təqdimatla çıxış ediblər.
Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Nepalda fəaliyyət göstərən Asiya Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutu (AIDIA) tərəfindən təşkil edilən, ölkənin nüfuzlu ictimai-siyasi xadimlərinin, beyin mərkəzlərinin rəhbərlərinin, müxtəlif dövlət və qeyri-hökumət qurumlarının nümayəndələrinin, ekspertlərin qatıldığı tədbirdə “Azərbaycanın xarici siyasəti: çağırışlar və imkanlar” mövzusunda mühazirə ilə çıxış edib və auditoriyanın suallarını cavablandırıb.