Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla başa vurub

Tarix: 10:32 05.05.2025
İstanbulda keçirilən gənclər arasında Avropa Kuboku başa çatıb.
"İnformator.az" AZƏRTAC-a istinadən xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan cüdoçuları daha 4 medal qazanıblar.
90 kiloqram çəki dərəcəsində çıxış edən Aslan Kotsoyev keçirdiyi 5 görüşün hamısında qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Finalda cüdoçumuz Qazaxıstan təmsilçisi Qleb Azarova qalib gəlib.
Mehdi Abbasov (81 kiloqram), Ramazan Əhmədov (+100 kiloqram) və Xədicə Qədəşova (-52 kiloqram) isə bürünc medal əldə ediblər.
Qeyd edək ki, yarışın ilk günündə Nizami İmanov (-66 kiloqram) qızıl, Nihad Məmişov və Fərid Qarayev (hər ikisi -60 kiloqram) isə bürünc mükafata sahib olublar.
Ümumilikdə, Azərbaycan yığması Avropa Kubokunu 2 qızıl və 5 bürünc medalla başa vuraraq 31 ölkə arasında ümumi komanda hesabında 4-cü, kişilər arasında isə 2-ci yeri tutub.