Gürcüstanın sabiq müdafiə naziri həbs olunub

Tarix: 14:59 14.05.2025
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvili barəsində seçilən 20 min lari (7,3 min dollardan çox) məbləğində girov qərarını həbs qətimkan tədbiri ilə əvəz edib. Müvafiq olaraq, İrakli Okruaşvili birbaşa məhkəmə zalında həbs edilib.
“İnformator.az”ın xəbərinə görə, bu barədə "İnterpressnews" agentliyi məlumat verib.
Qeyd edək ki, onun barəsində 20 min lari girov tədbiri sabiq prezident Mixail Saakaşvilinin hakimiyyəti dövründə cinayətləri araşdıran parlament komissiyasının iclaslarına gəlməkdən imtina etdiyinə görə təyin edilib.
Okruaşvili Gürcüstan parlamentinin müvəqqəti istintaq komissiyasının tələblərini yerinə yetirməməkdə ittiham olunur.
Xatırladaq ki, apreldə məhkəmə Okruaşvilinin üzərinə 20 min lari məbləğində girov ödənilməsi öhdəliyini qoyub. Prokurorluq onun həbsi ilə bağlı yeni vəsatət qaldırıb və məhkəmə prokurorun vəsatətini təmin etdikdən sonra Okruaşvili saxlanılıb.