Rövşən Abdullaoğlunun "Relslər Üzərində Uzanmış Adam" əsəri

Tarix: 20:23 15.05.2025
Rövşən Abdullaoğlu'nun "Relslər Üzərində Uzanmış Adam" əsəri, insanın daxili mübarizəsini, həyatda öz yerini tapma və özünü anlamada qarşılaşdığı çətinlikləri ön plana çıxarır.
Mövzu ilə bağlı Azərbaycanlı yazıçı, filosof-şərqşünas, təlimçi, psixoloq, teoloq; "PEN America" yazıçılar birliyinin üzvü, "Qədim Qala" nəşriyyatının elmi heyətinin rəhbəri Rövşən Abdullaoğlu "informator.az"a bildirib ki, "Relslər Üzərində Uzanmış Adam" əsəri psixoloji və fəlsəfi dərinliyi olan bir əsərdir:
"Əsərin əsas mövzusu yaşamaq istəyi ilə yaşamaqdan imtina arasında qalan insan barəsindədir. Əsərin baş qəhrəmanları relslərin üzərində uzanaraq intihar etməyə qərar verir. Lakin bu, sadəcə fiziki ölüm arzusu deyil, onlar öz daxili mənasını, həyatla əlaqəsini, yaşama səbəbini itirmiş bir insan obrazlarıdır. Qəhrəmanlar relslərin üzərində uzanarkən keçmişlərini, həyatlarında baş verən hadisələri danışırlar. Bu söhbətlər vasitəsilə oxucu onların psixoloji durumlarını, yaşadıqları mənəvi boşluğu və ümidsizliyi anlayır. Əsərdə sevginin şəfa verici gücü ön plana çəkilir. Sevgi – yalnız romantik hiss deyil, həm də insanı həyata bağlayan, onu yaşamağa davam etməyə vadar edən bir güc kimi təqdim olunur. Qəhrəmanın keçmişdə yaşadığı sevgi onun taleyində dönüş nöqtəsinə çevrilir. Əsər eyni zamanda müharibənin insan və nəsillərin ruhuna vurduğu zərbəni də göstərir. Müharibə təkcə fiziki dağıntı yox, həm də insanın iç dünyasında yaranan sağalmaz yaralardır. Qəhrəmanların yaşadığı travmalar və itkilər onların mənəvi gücünü tükəndirir. Əsər boyunca intihar və yaşamaq arasında qalan insanların dialoqları oxucunu düşünməyə vadar edir: insanı yaşamağa nə vadar edir? Nə zaman insan yaşama səbəbini itirir? Bu suallar əsərin fəlsəfi əsasını təşkil edir. Ancaq əsərin sonunda qəhrəmanların içində bir dönüş baş verir. Bu dəyişiklik oxucuya onu göstərir ki, insan ən dərin ümidsizlik anında belə sevgi, anlayış və mənəvi dayaqla yenidən dirçələ bilər. Sevgi itirilsə belə ruhda iz qoyur və bəzən yeni bir başlanğıca çevrilə bilir".
Fatimə Heydərova