Təsadüf illüziyası – Beynin əlaqəsiz hadisələrdə məna axtarması

Tarix: 21:54 15.05.2025
İnsan beyni xaotik və qeyri-müəyyən hadisələr arasında əlaqə qurmağa meyllidir. Bu xüsusiyyət bizi təsadüfi baş verən hadisələrdə mənalar və əlaqələr axtarmağa sövq edir. “Təsadüf illüziyası” məhz həmin prosesin nəticəsidir – əslində heç bir əlaqəsi olmayan hadisələrə mənalar yükləməkdir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Helin Şadfar bildirib ki, bəzən insanlar yaşadıqları adi, gündəlik hadisələrə elə bir məna yükləyirlər ki, kənardan baxan üçün bu, tamamilə «Nə əlaqəsi var?» kimi görünə bilər:
"Amma əslində bu, həmin adamın içində tamamlaya bilmədiyi bir duyğudan qaynaqlanır. O duyğunu əsaslandırmaq, ona “bu boşluq boşuna deyilmiş” dedirtmək üçün zehin həmin hadisəni böyüdür, mənalandırır və sanki təsadüf deyilmiş kimi qəbul edir. Məsələn, bir insan içində sevgi aclığı hiss edirsə, kiminsə sadə bir gülümsəməsini belə “Bax, o da mənə qarşı nəsə hiss edir” kimi anlaya bilər. Çünki içində görmək istədiyi duyğunu görmək üçün səbəb axtarır. Əslində olan sadəcə bir baxışdır, amma daxili ehtiyac bu baxışı fərqli şəkildə izah etdirir.
Bu hal bəzən təsdiq olunmaq istəyi, bəzən dəyərli hiss etmək, bəzən isə sadəcə “görülmək” arzusu ilə bağlı olur. İnsan yaşadığı həyat hekayəsində öz yerini tapmaq istəyir. Ona görə də baş verən hər şeyə məna qataraq “Bax, bu da təsadüf deyil, mənim üçün oldu” deməyə meylli olur".
Psixoloqun sözlərinə görə, bəzən insanlar müəyyən bir şeyi etməmək üçün içlərində “pis bir şey olacaq” kimi bir qorxu daşıyırlar. Lakin bu qorxunun özü də “təsadüf illüziyası”nın bir hissəsidir:
“Əgər bunu etsəm, pis nəticələnər. Yaxşısı budur ki, heç toxunmayım” kimi düşüncələr çox zaman illərlə müşahidə edilən davranışlardan, ailədən və ya yaxın çevrədən götürülərək zehində “qaydaya” çevrilmiş olur.
Məsələn, ailədə kimsə bir hərəkət edəndən sonra pis bir hadisə baş veribsə — məsələn, “axşam dırnaq kəsmək uğursuzluq gətirər”, “ayağın titrəyirsə, yola gedəcəksən” kimi inanclar — insan bu nümunələri şüuraltına yazır. Həmin hadisələrin özündə heç bir real səbəb-nəticə əlaqəsi olmasa da, zehin onları birləşdirir və gələcəkdə qərar verməkdə bu “yazılmamış qanunlara” əsaslanır. Bu isə insanın daxilindəki nəzarət ehtiyacı, qorxu, özgüvən əskikliyi və boşluğu doldurmaq cəhdi ilə sıx bağlı olur.
Rituallara inanmağa başlayırlar, gündəlik hadisələrdə mesaj axtarırlar. Bu isə insanlararası əlaqəni zəiflədə bilər. Təsadüf illüziyası insanların daha emosional qərar verməsinə, rasional düşüncədən uzaqlaşmasına, bəzən isə ümidsizlik yaşamasına gətirib çıxarır. Reallığı olduğu kimi qəbul etməkdə fayda var. Hər şeyi mənalandırıb özümüzə aid etməməliyik".
Nigar Həsənzadə