Uşaqların mediada təmsili- Hüquqi normalar və etik məsuliyyət

Tarix: 19:58 19.05.2025
Uşaqlarla bağlı problemlər hər zaman cəmiyyətin aktual problemlərindən olub. Çünki uşaqlar cəmiyyətin həssas, eyni zamanda daim qayğıya ehtiyacı olan təbəqəsidir. Onlara bu diqqətin göstərilməsi və hüquqlarının qorunması isə təkcə hüquq-mühafizə orqanları və xüsusi qurumların deyil, eyni zamanda medianın da üzərinə düşən əsas vəzifələrdən biridir.
Müasir informasiya cəmiyyətində media güclü təsir vasitəsi olmaqla yanaşı, həm də sosial məsuliyyət daşıyır. Hansı ki, bu məsuliyyətin ən vacib istiqamətlərindən biri də uşaq hüquqlarının qorunmasıdır. Medianın xəbər hazırlayarkən bu hüquqları nəzərə alması həm etik, həm də hüquqi baxımdan zəruri haldır. BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsasən, hər bir uşağın şəxsi həyatına, kimliyinə və təhlükəsizliyinə hörmətlə yanaşmaq və müəyyən peşə prinsiplərini nəzərə almaq lazımdır. Lakin bəzi hallarda media subyektləri bu prinsipləri pozaraq uşaqlar haqqında xəbərləri sensasiyaya çevirməyə və bunun nəticəsində auditoriyanın diqqətini öz üzərlərinə çəkməyə çalışır. Lakin həmin media subyektləri ciddi şəkildə yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının pozulmasını və həmin şəxslərə olunan psixoloji təsiri nəzərə almırlar.
Ailə zorakılığı, cinayət və ya sosial problem mövzularında uşaqların ad-soyadının, şəkil və ya digər identifikasiyaedici məlumatlarının yayılması onların hüquqlarına ciddi şəkildə zərbə vurur. Halbuki jurnalist etikası uşaqların kimliyinin gizli saxlanmasını vacib tələblərdən hesab edir.
Azərbaycan Mətbuat Şurasının Etik Davranış Kodeksində qeyd olunub ki, uşaqlarla bağlı informasiyalar yayımlanarkən xüsusi diqqət və məsuliyyətli yanaşma gərəklidir. Jurnalistlər xəbər uğrunda insan hüquqlarını, xüsusilə uşaqların hüquqlarını tapdamamalıdır. Təəssüf ki, bəzən reytinq və diqqət naminə bu prinsiplər pozulur. Bu isə uşağın psixoloji durumuna, gələcək həyatına mənfi təsir göstərə bilər.
Medianın həm də bir öhdəliyi uşaq hüquqları haqqında maarifləndirici proqramlar və ya yazılar hazırlamaq, yaymaqdır. Bu mövzuları aktuallaşdırmaqla, problemlərə diqqət çəkmək və cəmiyyətdə sosial məsuliyyəti artırmaq jurnalistikanın əsas rollarından biri olmalıdır. Hansı ki, bu mövzulara erkən nikah, təhsildən yayındırma, eyni zamanda uşaq əməyinin istismarı kimi məsələlər aiddir. Mediada bu məsələlərə kifayət qədər yer ayrılmalı və bu halların qarşısını almaq üçün ictimai təzyiq formalaşdırılmalıdır. Günümüzdə bu problemlərə ənənəvi mediadan əlavə rəqəmsal media da uşaq hüquqları məsələsində məsuliyyət daşıyır.
Hazırda sosial media vasitələrində valideynlərin öz uşaqlarının şəxsi görüntülərini paylaşması, blog və ya video formatında uşaqları mərkəzə qoyması və kontentlər hazırlaması etik suallar doğurur. Valideynlər bu tip kontentli paylaşımlar edərkən əvvəlcə övladlarının məxfiliyi və gələcəkdə bu görüntülərin necə istifadə olunacağı barədə düşünməlidirlər. Media bu hallarda həm tənqidi yanaşmalı, həm də cəmiyyəti məlumatlandırmalıdır. Uşaqlarla bağlı xəbərlərin verilməsində etik prinsiplərə əməl etmək, onların hüquq və ləyaqətinə hörmət göstərmək medianın sosial məsuliyyətinin əsas şərtidir. Bu sahədə davamlı təlimlər, hüquqi tənzimləmələr və ictimai nəzarət mexanizmləri medianın daha məsuliyyətli olmasına təkan verə bilər.
Mətin Ələsgərov,
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi