Texnologiyanın insan münasibətlərinə təsiri-ARAŞDIRMA

Tarix: 20:23 19.05.2025
Günümüzdə texnologiyanın inkişafının bir çox sahədə, hətta gündəlik münasibətlərimizdə nə qədər önəmli rol oynadığını müşahidə edirik. Məhz 21-ci əsr texnologiya və informasiya əsri kimi səciyyələndirilir. Texnologiyanın gündəlik həyatımıza sürətli şəkildə inteqrasiyasını rabitə, təhsil, ticarət, səhiyyə, eləcə də ailədaxili və fərdi münasibətlərdə müşahidə etmək mümkündür.
Zaman keçdikcə texnologiya yalnız bir vasitə olmaqdan çıxaraq, həyat tərzinə çevrilib. Bu dəyişikliklər şübhəsiz ki, insan münasibətlərinə də dərin təsir göstərib. Bu təsir bir sıra müsbət və mənfi cəhətlərlə xarakterizə olunur. Müsbət amillərə nəzər yetirdikdə, ilk olaraq insanların bir-birilə kommunikasiya münasibətlərinin inkişafı diqqət çəkir. Hazırda insanlar heç bir sərhəd və məsafədən asılı olmayaraq, 1972-ci ildə yaranmış və bu günümüzə qədər böyük inkişaf yolu keçmiş internet vasitəsilə əlaqə qurmağı bacarırlar. Bundan əlavə, texnologiya ictimai şüurun formalaşmasına və kollektiv təşəbbüslərin yaranmasına şərait yaradır.
Onlayn kampaniyalar, könüllülük qrupları, yardım aksiyaları və sosial layihələr vasitəsilə insanlar bir-birinə yardım etməyi, dəstək göstərməyi və birlik ruhunu inkişaf etdirməyi mənimsəyirlər. Lakin texnologiyanın insan münasibətlərinə mənfi təsirləri də sosial problemlərə yol aça bilir.
Ən əsas problemlərdən biri real ünsiyyətin azalmasıdır. İnsanlar artıq bir masa arxasında oturub üz-üzə söhbət etməkdənsə, eyni otaqda olsalar belə, bir-birilə telefon vasitəsilə əlaqə qurmağa üstünlük verirlər. Bu isə empatiya, emosional bağlılıq və bədən dili kimi ünsiyyətin əsas komponentlərini zəiflədir. Eyni zamanda texnologiya ailədaxili münasibətlərdə də çatışmazlıqlara səbəb olur. Mobil telefon və internetin həddindən artıq istifadəsi valideyn-övlad münasibətlərində soyuqluq yaradır. Ailələr bir yerdə oturduqları zaman belə, hər kəsin ayrı-ayrı cihazlara yönəlməsi ailə birliyini zəiflədir. Bu vəziyyət uşaqlarda təklik, emosional boşluq və davranış pozuntuları kimi problemlərə çevrilə bilir. Hazırda cəmiyyətdə texnologiyadan asılılıq problemi də ciddi narahatlıq doğurur.
Gənc və yeniyetmələr arasında texnologiya asılılığı sosial bacarıqların inkişafını əngəlləyir. Onlar real həyatda dostluq və əməkdaşlıq qurmaqda çətinlik çəkirlər və ən əsası, bu hal onlarda sosial fobiyaya çevrilə bilir. Uzun müddət ekran qarşısında qalmaq həm fiziki, həm də psixoloji sağlamlığa zərər verir.
Beləliklə, texnologiya insan münasibətlərinə həm inkişaf etdirici, həm də zərərverici təsir göstərə bilər. Texnologiyadan doğru və məqsədli istifadə edildikdə, o, əlaqələri gücləndirə, insanları yaxınlaşdıra və cəmiyyətin birliyini möhkəmləndirə bilər. Ancaq nəzarətsiz və balanssız istifadə münasibətlərin soyumasına, sosial təcridə və emosional uzaqlaşmaya gətirib çıxarır. Buna görə də cəmiyyətin hər bir üzvü – valideynlər, müəllimlər, gənclər, dövlət qurumları və media subyektləri texnologiyanın düzgün istifadəsini təşviq etməli, insan ünsiyyətinin dəyərini qorumaq üçün addımlar atmalıdır. Çünki heç bir texnologiya insan səmimiyyətini və sevgi dolu münasibətləri tam əvəz edə bilməz.
Mətin Ələsgərov,
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi