Rəqəmsal şəxsiyyət və sosial şəbəkələrdə özünü təqdimetmə

Tarix: 21:57 19.05.2025
Müasir dövrdə sosial şəbəkələr insanların özlərini təqdim etmə tərzini köklü şəkildə dəyişib. Virtual məkanda fərdlər çox zaman real şəxsiyyətlərindən fərqli bir “rəqəmsal şəxsiyyət” formalaşdıraraq ictimai qəbul axtarırlar. Bu uyğunsuzluq isə insanın psixoloji rifahı və özünüdərk prosesinə birbaşa təsir göstərə bilər.
Bu mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Aydan Məmmədova bildirib ki, bu cür sosial şəbəkələrdə insanların özlərini maska altında göstərməsi rəqəmsal şəxsiyyət, başqa sözlə desək, yalançı şəxsiyyət formalaşdırır:
"Bununla da insanlar daha çox saxta, toksik xoşbəxtliklərini nümayiş etdirərək, sanki özlərinə vəzifə edirlər. Təbii ki, bu da artıq insanın özü ilə münasibətində təzadlara gətirib çıxarır. Sosial şəbəkədə yaradılan şəxsiyyət ilə real mən arasında müxtəlif hallarda ziddiyyət yarana bilər. Məsələn, təsəvvür edin ki, hər zaman sosial şəbəkələrdə özünü xoşbəxt göstərən, ən xoş anlarını paylaşan şəxs bir gün özünü üzgün hiss edir, lakin özünəxas müəyyən kütləsi, izləyəni olduğu üçün o, yaratdığı toksik xoşbəxtliyi dağıtmamaq naminə üzüntüsünü, kədərini gizlədir. Və istəmədən öz təbii, yaşamalı olduğu duyğularını gizlədir. Bununla da özünə qarşı olan dürüstlüyünü itirir. Bu zaman nəticə olaraq yaşaya bilmədiyi həmin duyğular zamanla zehni olaraq unudulur. Amma duyğuların öz yaddaşı var. Zamanında ödənilmədiyi üçün ödənilməyən duyğular artır və nəticə olaraq həm psixoloji, həm də fiziki olaraq müəyyən fəsadlar göstərir. Məsələn: stress, anlaşılmayan əhvalın dəyişmələri, öz dəyərini aşağı qiymətləndirməsi, özünü qeyri-adekvat dəyərləndirməsi və s. hallar müşahidə edilir. Rəqəmsal şəxsiyyətin fərdin psixoloji rifahı və özünüdərk prosesinə təsiri var. Çünki həmin şəxs olduğu kimi davranmır və özü ilə müəyyən təzadlı fikirlər arasında qalır. Sonda isə özünü tapmaqda çətinlik çəkir. Çünki daima cəmiyyəti düşünür və özünü unudur".
Nigar Həsənzadə