Süni İntellektin Etik və Hüquqi Tənzimlənməsi: Azərbaycanda Mövcud Vəziyyət və Təhlükələr

Bölmə: Sosial › ,
Tarix: 17:54 20.05.2025

Süni intellekt (AI) texnologiyaları dünyada sürətlə inkişaf edir və həyatımızın müxtəlif sahələrinə nüfuz edir. Lakin bu sahədə qanunvericilik və tənzimləmə məsələləri bir çox ölkədə, o cümlədən Azərbaycanda hələ kifayət qədər formalaşmayıb. Süni intellektin etik və hüquqi çərçivəsinin olmaması müxtəlif risklər yaradır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında İT üzrə mütəxəssis Elvin Həsənov bildirib:

 

“Süni intellekt texnologiyalarının geniş yayılması ilə bir çox sahələrdə işlər avtomatlaşdırılır, məhsuldarlıq artır və gündəlik həyat daha da rahatlaşır. Lakin bu sürətli inkişafla yanaşı, hüquqi və etik tənzimləmə sahəsində ciddi boşluqlar mövcuddur. Azərbaycanda bu sahədə hələ də konkret qanunvericilik çərçivəsi formalaşmayıb, bu da texnologiyanın həm istifadəsində, həm də təhlükəsizliyinin təmin olunmasında bir sıra risklər yaradır. İnfrastruktur sahəsində bəzi irəliləyişlər olsa da, süni intellektin etik istifadə qaydaları, məsuliyyət bölgüsü və şəffaflıq prinsipləri hələ müəyyən edilməyib. Bu da texnologiyanın nəzarətsiz və bəzən zərərli şəkildə istifadəsinə şərait yarada bilər.

 

Süni intellektin potensial təhlükələrinə nəzarət məsələsində dövlətin rolu çox vacibdir. Düşünürəm ki, burada xüsusilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elektron Təhlükəsizlik Xidməti və qanunverici orqanlar birgə şəkildə məsuliyyət daşıyır. Çünki bu qurumlar texnologiyanın sürətli inkişafına uyğun olaraq normativ hüquqi aktları yeniləməli, ictimaiyyətə açıq olan qaydalar və tövsiyələr müəyyən etməlidir.

 

Şəxsi məlumatların qorunması sahəsində müəyyən qanunlar və mexanizmlər mövcuddur, lakin onlar süni intellektin yaratdığı yeni risklərə tam cavab vermir. Məsələn, AI sistemlərinin fərdi məlumatları avtomatik analiz etməsi, istifadəçinin razılığı olmadan davranış və profil modelləri çıxarması və bu məlumatların üçüncü tərəflərlə paylaşılması real təhlükə yaradır. Hazırkı qanunvericilikdə isə süni intellektin məlumatla necə davranmalı olduğu, məsuliyyətin kimə aid olduğu, alqoritmik qərarların izahlılığı kimi vacib məsələlər hələ də dəqiq tənzimlənmir.”

 

Solmaz Muradova