Travma Sonrası Stress Pozuntusu (TSSP)

Tarix: 19:32 20.05.2025
İnsanın həyatında yaşadığı ağır, qorxulu və ya dəhşətli bir hadisədən sonra ortaya çıxan ciddi psixoloji bir pozuntudur. Bu pozuntu, adətən qəza, təbii fəlakət, zorakılıq, müharibə, yaxud yaxın birini itirmək kimi travmatik təcrübələrdən sonra yaranır.
Mövzu ilə bağlı psixoloq Nizami Orucov "İnformator.az"a açıqlamasında bildirib ki, Travma Sonrası Stress Pozuntusunun (TSSP) əsas simptomları dörd əsas kateqoriyada toplanır:
"Şəxs yaşadığı travmatik hadisəni sanki təkrar-təkrar yaşayır. Bu, kabuslar, göz önünə gələn flaşbeklər və ya o hadisəni xatırladan hər hansı bir şeyə qarşı emosional və fiziki reaksiya ilə müşahidə olunur. Travmanı xatırladan insanlardan, yerlərdən, fəaliyyətlərdən və hisslərdən uzaq durmağa çalışma. Şəxs bəzən bu vəziyyətlərə yaxınlaşmaq istəmədiyi üçün gündəlik həyatını məhdudlaşdıra bilər. Hadisədən sonra özünə və dünyaya qarşı güvən itkisi, ümidsizlik, günahkarlıq hissi və ya baş verənləri anlamlandırmaqda çətinlik yaşanır. Şəxs daim “təhlükə altında” hiss edir, yuxu problemləri, əsəbilik, diqqət dağınıqlığı və qəfil reaksiyavermə halları bu qrupa daxildir".
Müsahib bildirib ki, TSSP, depressiya və anksiyete bəzən bir-birinə oxşar simptomlar göstərə bilsə də, aralarında fərqlər mövcuddur:
"TSSP konkret bir travmatik hadisədən sonra yaranır və onunla əlaqəli xatirələrin təkrarı, qaçınma və ayıq vəziyyət kimi spesifik simptomlarla müşahidə olunur. Depressiya isə ümumilikdə emosional çökmə, maraq itkisi, ümidsizlik, özünə dəyərsiz baxış və enerji azlığı ilə xarakterizə olunur. TSSP-də də depressiv əlamətlər ola bilər, lakin əsas faktor travmadır. Anksiyete pozuntuları isə səbəbi dəqiq bilinməyən, gələcəyə dair davamlı narahatlıq, qorxu və gərginlik hissi ilə müşahidə olunur. TSSP-dəki təşviş isə adətən travmaya bağlı tetikleyicilərlə əlaqəlidir. TSSP hər yaşda və cinsdə müşahidə oluna bilər, lakin bəzi qruplar bu pozuntuya daha meyillidir. Qadınlar kişilərlə müqayisədə TSSP-yə daha çox meylli sayılır. Bu, həm bioloji, həm də sosial amillərlə əlaqəli ola bilər. Uşaqlar və yeniyetmələr, xüsusilə də davamlı zorakılıq və ya ailə içi travmalara məruz qaldıqları halda, daha yüksək risk altındadırlar. Uşaqlarda simptomlar fərqli formada – davranış dəyişiklikləri, oyunlarda travmanın canlandırılması və ya tualet vərdişlərində geriləmə kimi özünü göstərə bilər. Yaşlılar da xüsusilə keçmişdə müharibə, itki və ya ağır tibbi travmalar yaşamışlarsa, TSSP riski daşıya bilərlər".
Fatimə Heydərova