Mövsümündən tez yeyilən meyvələr-Fərqli dad, yoxsa təhlükə?

Bölmə: Sosial › ,
Tarix: 19:40 20.05.2025

Mövsümündən tez yeyilən meyvələr son illərdə bazarlarda daha tez-tez qarşımıza çıxır. Bu meyvələr istixana şəraitində və ya süni yollarla yetişdirilərək təbii mövsümündən əvvəl satışa çıxarılır.

 

Mövzu ilə bağlı qida eksperti Seymur Qafarov "İnformator.az"a açıqlamaslnda bildirib ki, mövsümdən əvvəl yetişdirilən meyvələr əsasən istixanalarda, süni işıqlandırma və temperatur şəraitində, bəzən isə yetişməni sürətləndirmək üçün kimyəvi maddələrin köməyi ilə yetişdirilir. Bu da insan sağlamlığı üçün bəzi risklər yarada bilər:

 

"Kimyəvi qalıqlar bəzən allergiyalara səbəb ola bilər. Tam yetişmədiyi üçün bəzi meyvələr orqanizmə ağır gələ bilər. Süni şəkildə yetişdirilən meyvələr təbii qida dəyərinə malik olmaya bilər. Bəzi pestisid və hormonların uzunmüddətli istifadəsi xərçəng və hormonal pozğunluqlarla əlaqələndirilir. Hansı meyvənin hansı aylarda təbii olaraq yetişdiyini bilmək vacibdir. Həddindən artıq parlaq, eyni ölçülü və ləkəsiz meyvələr bəzən süni müdaxilələrlə yetişdirilmiş ola bilər. Təbii meyvənin aroması və dadı daha dərin və təbiidir. Etibarlı mənbədən almaq: Yerli fermer bazarları və ya üzvi sertifikatlı məhsullar daha etibarlı ola bilər. Qablaşdırılmış məhsullarda tərkib və yetişdirmə üsulu barədə məlumat oxunmalıdır. Mövsümdən əvvəl süni şəraitdə yetişdirilən meyvələrlə təbii mövsümündə yetişən meyvələr arasında bir neçə mühüm fərq olur. Təbii meyvələrin dadı daha zəngin və aromatik olur. Süni yetişdirilənlər isə tez-tez dadsız və ya su kimi olur. Süni meyvələr bəzən çox sərt və ya əksinə, çox yumşaq olur, çünki tam yetişmədən yığılıb. Təbii şəraitdə günəş altında yetişən meyvələrdə daha çox vitamin və mineral olur. Təbii meyvələrin rəngi tünd və qoxusu daha güclü olur, süni meyvələr isə bəzən xaricən cazibədar olsa da, içəridə solğun və cansız görünə bilər".

 

Billurə Quliyeva