“Sükut bəzən ən böyük səsdir”: Daxili səssizliklə üz-üzə qalmaq niyə çətindir?

Tarix: 21:19 20.05.2025
Daim səs-küylə, sosial media və digər yayındırıcılarla əhatə olunmuş müasir insan üçün səssizlik bəzən dözülməz olur.
Məsələ ilə bağlı psixoloq Xədicə Cəbrayılova “İnformator.az” saytına açıqlamasında bildirib ki, səssizlik bir çox insan üçün sadəcə sakitlik yox, daxili boşluqla qarşılaşma deməkdir:
“Səssizlik bizi öz daxili aləmimizlə üz-üzə qoyur. Tək qalanda, xarici stimullar olmadıqda keçmiş xatirələr, qorxular, narahat düşüncələr və cavabsız suallar üzə çıxır. Bu da bəziləri üçün narahatlıq doğuran emosional qarşılaşma yaradır. İnsan beyni bu vəziyyətdən yayınmaq üçün səsi, sosial medianı, insanları və əyləncəni seçir. Bir çox insan gecə yatarkən otaqda musiqi və ya film səslərini açır. Bu, daxili səssizliyi basdırmaq üçündür. Əgər səssizlik olsa, həmin şəxs “içindəki səsi” eşidəcək və bu, onu narahat edə bilər.
Bu, bir emosional qaçış mexanizmidir. Səssizliklə gələn ‘özünlə təmas’ hissi hər kəs üçün komfortlu deyil. Daxili səs çox vaxt tənqidi olur: ‘Yetərli deyilsən’, ‘Bu münasibət sənə zərər verir', 'Niyə hər kəsi razı salmağa çalışırsan?’ İnsan bu səsi eşitməmək üçün diqqətini kənara yönəltməyə çalışır. Bu qorxu genetik deyil, öyrəniləndir. Uşaqlıqda duyğularını ifadə edə bilməyən və daim səs-küylü mühitdə böyüyən insanlar səssizliyi ‘təhlükə’ kimi qəbul edə bilərlər.
Səssizliklə qarşılaşmaq – özünü tanımaq, basdırılmış hisslərlə üzləşmək və emosional problemləri görmək deməkdir. İnsan beyni isə narahatlığı azaltmaq üçün bu səssizliyi səs, video və mesajlarla doldurmağa çalışır. Amma bu xilas qısamüddətlidir. Sükut bir gün yenə gələcək. Daxili səssizlikdən qaçmaq bizə müvəqqəti rahatlıq versə də, bu vəziyyətlə qarşılaşmaq və onu anlamaq psixoloji sağlamlıq üçün mühüm addımdır".
Ayan Əsgərova